Sosial şəbəkələrdə son illərdə nağdsız qaydada alınan bütün evlərə görə ƏDV qaytarılması ilə bağlı məlumatlar yayılıb. Artıq ev alan və ya almağa hazırlaşan vətəndaşlar evin məbləğinə müvafiq olaraq qaytarılacaq pulu hesablayır və onu necə geri alacaqları ilə maraqlanırlar.
Fins.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması Prezident İlham Əliyevin 2022-ci il 25 may tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Fərmanı ilə təsdiq edilib.
Yeni qaydaya görə, vətəndaş ev alarkən ödədiyi ƏDV-nin 30 faizini geri ala biləcək. ƏDV qaytarılması yalnız nağdsız ödənişlərə aiddir və onlayn, bank və notariusda həyata keçirilə bilər. Əgər vətəndaş mənzili hissəvi ödənişlə alıbsa, ƏDV-nin qaytarılması üçün məbləği tam ödəməli və bundan sonra 90 gündən gec olmayaraq müraciətini tamamlamalıdır.
İpoteka ilə alınan evlərdə isə məbləğ bank tərəfindən tam ödənildiyi üçün dərhal ƏDV alınması üçün müraciət etmək olar.
Burada bir məqam var ki, qayda 2020-ci il yanvarın 1-dən sonra, yalnız birbaşa MTK-dan alınan yaşayış sahələrinə şamil olunur. Yəni “ikinci əl” ev alan vətəndaşlar bu qərardan yararlana bilmirlər.
MTK-lara daxili qaydada edilmiş ödənişlər də nəzərə alınmır. Qayda yalnız bank yolu ilə ödənilən ödənişlərə şamil olunur.
Dövlət vergi xidməti bununla bağlı xüsusi portal istifadəyə verib. Tikinti şirkətləri portalda elektron qaimə tərtib etməli, alıcı isə qaiməni təsdiqləməlidir.