BİZNES

24 Yanvar

Azərkosmos Keniya şirkəti ilə əməkdaşlığa başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Cənubi Keniyanın peyk xidməti təqdim edən "CommCarrie" şirkəti ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb.

Fins.az nazirliyə istinadən xəbər verir ki, müqaviləyə əsasən bu gündən "Azerspace-2" peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb.

"CommCarrier" Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına "Azerspace-2" peykinin KU diapazonu ilə xidmət göstərəcək.

"Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi sevindirir. CommCarrier region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk", – deyə "Azərkosmos"un sədr müavini Fuad Aslanov bildirib.

"Azərkosmosla əməkdaşlığımız sayəsində Azerspace-2 peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq", – deyə "CommCarrier"in direktoru Qiri Babu qeyd edib.

Əlavə edək ki, "CommCarrier" 1995-ci ildə telekommunikasiya operatoru olaraq fəaliyyətə başlayıb.