BİZNES

23 Yanvar

Güzəştlərin tətbiqi sənaye zonalarında əlverişli biznes mühiti formalaşdırır - MÜSAHİBƏ

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaradılmasından iki il ötür. Ötən hesabat ilində agentlik bir çox yenilikləri ilə yadda qaldı.

Fİns.Az-ın məlumatına görə, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev AZƏRTAC-a müsahibəsində Agentliyin iki il ərzində gördüyü işlərdən, bu il üçün hədəflərindən danışıb.

- İqtisadi Zonaların İnkişafı Agentliyi ötən hesabat ilini necə başa vurdu?

- Dövlətimizin başçısının 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması, inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, Agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir və burada da sənaye sahəsi üçün yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.

Ötən il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə (sənaye parkları üzrə 23 rezident, sənaye məhəllələri üzrə 5 rezident) rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumi 171 milyon manat investisiya yatırılması, 2400-dən artıq iş yerinin yaradılması planlaşdırılır. İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7 milyard manata yaxın olan 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb və 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb.

İki illik fəaliyyəti dövründə Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Agentliyin iki illik fəaliyyəti dövründə idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən təxminən 5,2 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 1,9 milyard manat dəyərində olan hissəsi ixrac edilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı “Made in Azerbaijan” brendi ilə dünyanın bir çox ölkəsinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s. ölkələr) satılıb.

- Sumqayıt Kimya-Sənaye Parkında ölkə iqtisadiyyatının inkişafında mühüm yer tutan müəssisələr fəaliyyət göstərir. Buradakı rezidentlərin əsas ixrac hədəfləri hansı ölkələrdir?

- Sumqayıt Kimya Sənaye Parkında indiyədək 32 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 20-si fəaliyyət göstərir. Parkın rezidentləri tərəfindən istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiyanın da daxil olduğu 30-dan çox ölkəyə ixrac edilir.

- Agentliyin idarəçiliyində olan sənaye zonalarında neçə xarici müəssisə qeydiyyatdan keçib?

- Hazırda sənaye zonalarında xarici kapitallı bir çox rezident fəaliyyət göstərir. Belə ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında İsveçrə şirkəti olan “Sika” MMC müxtəlif növ tikinti məhsulları (qatqıları) istehsal edir. 2021-ci ilin oktyabrında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC keramik plitələrin, ötən ilin oktyabrında Parkın rezidenti kimi qeydiyyatdan keçən Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi isə elektrik avtomat və sayğac istehsalını reallaşdıracaq. Bununla yanaşı, Pirallahı Sənaye Parkında Rusiya-Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC müxtəlif növ dərman məhsulları istehsal edir. Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Expert Services FZE” Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsi ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsini həyata keçirəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılması nəzərdə tutulan Rusiya-Azərbaycan birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC Sənaye Parkının ilk rezidenti kimi qeydiyyata alınıb. Mərkəzdə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində İran-Azərbaycan birgə avtomobil müəssisəsi müxtəlif növ minik avtomobillərinin istehsalını həyata keçirir. Hacıqabul Sənaye Məhəlləsində qeydiyyata alınan “Penoplex Prikavkazye” MMC isə Rusiya kapitallı şirkətdir. İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən sənaye zonalarına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

- Ağdam Sənaye Parkında ilk istehsala nə zaman başlayacaq?

- İndiyədək Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezidentlik, 3 müəssisəyə isə qeyri-rezidentlik statusu verilib. Qeyri-rezident “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.

- Qarabağda yaradılan sənaye parklarında sahibkarlar üçün əlavə güzəşt mexanizmlərinin hazırlanması ilə bağlı işlər nə yerdədir?

- Digər sənaye parklarında olduğu kimi, Ağdam və "Araz Vadisi İqtisadi Zonası Sənaye parklarında da sahibkarların rahat və maneəsiz fəaliyyət göstərmələri üçün əlverişli biznes, investisiya mühiti yaradılır. Hazırda ölkədə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri Ağdam və "Araz Vadisi İqtisadi Zonası Sənaye parklarında tətbiq edilir. Belə ki, parkların rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və eləcə də 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Eyni zamanda, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Bundan başqa, dövlətimizin başçısının 2021-ci il dekabrın 10-da işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi və s. kimi əlavə güzəştlərin də verilməsi nəzərdə tutulur.

Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq ediləcək. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə (hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi), iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (Əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərəcək sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunacaq. Bu güzəştlərin tətbiqi nəticəsində sənaye zonalarında sahibkarlıq fəaliyyəti daha da inkişaf etdiriləcək, yeni investisiyaların cəlb olunması baxımından çox əlverişli biznes mühiti formalaşacaq.