BİZNES

19 Yanvar

KOBİM-lər sahibkarlara 300-dən çox biznes planının hazırlanmasında ödənişsiz dəstək göstəriblər

Ötən il KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ümumilikdə 730-dan çox təlim keçirilib, 11 min 300 saatdan çox məsləhət xidməti göstərilib.

Fins.Az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

KOBİA sədri qeyd edib ki, bu xidmətlərdən 9700-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb. Həmçinin 2022-ci il ərzində KOBİM-lər tərəfindən ödənişsiz olaraq sahibkarlara 300-dən çox biznes planının hazırlanmasında dəstək göstərilib. KOBİM-lərin dəstəyi ilə ötən il Bakı və regionlar daxil olmaqla, kənd təsərrüfatı və xidmət sahələrində 30 yeni KOB subyektinin yaradılması dəstəklənib. 180 təlim videosundan ibarət onlayn təlim platformasından 1000-ə yaxın KOB subyekti yararlanıb.

"Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan 2022-ci ildə 46, 2009-2022-ci illərdə isə ümumilikdə 526 sahibkar və menecer faydalanıb", - deyə O.Məmmədov qeyd edib.