BİZNES

19 Yanvar

KOBİA sədri: Qarabağda biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub

Bu il yanvarın 1-nə işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub.

Fins.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da agentliyin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir. Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin 90 faizi yerli, 10 faizi isə xarici sahibkarların investisiya layihələridir. İnvestisiya layihələrinə dair müraciətlərin 36 faizi ticarət və xidmət sahəsini, 27 faizi sənayeni, 26 faizi kənd təsərrüfatını və digər 11 faizi tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir", - deyə KOBİA sədri qeyd edib.

O.Məmmədov bildirib ki, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb.

©AZƏRTAC