BİZNES

19 Yanvar

Azad edilmiş ərazilərdə biznes qurmaqla bağlı Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan müraciətlər olunub

1 yanvar 2023-cü il tarixinə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub.

Fins.Az APA-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir.

"Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin 90%-i yerli, 10%-i isə xarici sahibkarların investisiya layihələridir. İnvestisiya layihələrinə dair müraciətlərin 36%-i ticarət və xidmət sahəsini, 27%-i sənayeni, 26%-i kənd təsərrüfatını və digər 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.

2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, Agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb", - deyə Orxan Məmmədov əlavə edib.