BİZNES

17 Yanvar

KOBİA Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyası ilə əməkdaşlığı genişləndirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) prezidenti Ziad Aleksandr Hayek ilə görüşüb.

Fins.az-ın məlumatına görə KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Agentliyin DÖST sahəsində göstərdiyi dəstək, eləcə də WAPPP ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, KOBİA 2020-ci ildən WAPPP-ın üzvüdür. WAPPP dünyanın müxtəlif ölkələrində DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir.