2022-ci il alternativ enerji mənbələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycanda çox əlamətdar il kimi nəzərdən keçirilə bilər. Eyni zamanda yalnız istehsal baxımından deyil, həm də satış bazarları istiqamətində də işlərə başlanıb.
Fins.Az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert qeyd edib ki, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində SOCAR ilə “Masdar” şirkəti arasında 1 qiqavat gücündə Günəş Fotovoltaik və 1 qiqavat gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. Burada artıq daxil tələb yox, ixracat da ön plandadır. “Satış bazarlarımız və müqavilələrimiz var, artıq daxildə istehsalat etməliyik ki, bunu ixrac edə bilək”,- deyə X.Kərimli bildirib.
Onun sözlərinə görə, BƏƏ şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi və investisiya qoyması onların da birbaşa marağındadır. Burada əsas nüans ondan ibarətdir ki, bərpaolunan enerjidən istehsal olunan enerjinin 20 faizini daxili bazara yönəldərək özümüz istifadə edək, 80 faizini isə sataq:
“Əsas məqsədimiz 2030-cu ilə qədər alternativ enerji mənbələrindən istehsal olunan enerjinin payını ümumi enerji istehlakımızın strukturunda 30 faizə qədər artırmaqdır. Hazırda bu 5-6 faiz təşkil edir”.