İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Fins.Az-ın məlumatına görə, mətbuat konfransında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, İİTKM ölkədə yaradılmış strateji idarəetmə sisteminin tərkib hissəsi olaraq iqtisadi islahatların hazırlanması, qəbulu, həyata keçirilməsi, monitorinqi, qiymətləndiriməsi və kommunikasiyası sahələrində fəaliyyət göstərir.
O bildirib ki, monitorinq və qiymətləndirmə İİTKM-in əsas fəaliyyət istiqamətlərindəndir. Mərkəz hazırda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini həyata keçirir. Eyni zamanda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirməsini də Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM reallaşdırır. İcraçı direktor bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən strategiyaların, dövlət proqramlarının, tədbir və tapşırıqların icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üzrə ümumilikdə 78 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb.
V.Qasımlının sözlərinə görə biznes mühiti və beynəlxalq reytinqlərin yaxşılaşdırılması istiqamətində İİTKM yaxından iştirak edir. Təkcə 2022-ci ildə İİTKM-in operatoru olduğu Azranking.az platformasında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 23 işçi qrupunun 77 görüşü keçirilib. İşçi qruplar Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə təkmilləşdirmənin həyata keçirilməsi üçün 15 yol xəritəsi qəbul edib. Azranking.az platformasının fəaliyyəti ictimai iştirakçılıq, açıq hökumət və yaxşı idarəetmə prinsiplərinə əsaslanır.
İcraçı direktor bildirib ki, kommunikasiya siyasəti də İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biridir. İqtisadi siyasət və islahat tədbirləri barədə ictimai məlumatlandırma məqsədilə həm KİV-də, həm də müxtəlif yerli və xarici tədbirlərdə İİTKM-in əməkdaşlarının mütəmadi çıxışları olub, 2022-ci ildə 213 sayda press-reliz dərc edilib. 2022-ci ildə “İxrac icmalı”nın 12 sayı, “İslahat icmalı”nın 10 sayı, “Video icmal”ın 1 buraxılışı, “Türk İqtisadi İcmalı”nın 3 sayı, “İqtisadi İslahatlar” jurnalının 3 sayı və “Həftəlik icmal”ın 45 sayı buraxılıb. Yeri gəlmişkən, əksər nəşrlər Azərbaycan və ingilis dillərində olduğu halda, “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə paylanmaqla - 8 dildə nəşr olunur. Eyni zamanda, 2022-ci ildə İİTKM “Yaşıl iqtisadiyyat” və “Yeni Qarabağnamə” monoqrafiyalarını da təqdim edib.
Vüsal Qasımlı qeyd edib ki, iqtisadi proqnoz və təhlillər aparılarkən görülən işlərə dövlətin həyata keçirdiyi iqtisadi siyasətin nəticələrinin cəmiyyətdə təbliği, makro və mikroiqtisadi səviyyədə maliyyə proqramlaşdırılması modelində və digər ekonometrik modellərdə təhlil və tədqiqatlar aid edilə bilər. İlk dəfə olaraq coğrafi informasiya sisteminin məlumatları əsasında Ermənistanın ərazi yüksəklik modeli qurulub və Zəngəzur dəhlizinin vacibliyi elmi əsaslandırılıb. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda post-konflikt quruculuğu klasterial yanaşma əsas götürülməklə elmi təhlil edilib. Azərbaycanda dairəvi iqtisadiyyat, onun önəmi və gələcək perspektivləri ilə bağlı ölkədə cari vəziyyət araşdırılıb və Almaniyada keçirilən elmi konfransda təqdim edilib. Qravitasiya modelindən istifadə etməklə türk dövlətlərinin ticarət əlaqələrinə təsir edən önəmli amillər müəyyən edilib və bu sahədə potensial əməkdaşlıq imkanları araşdırılıb. Bundan əlavə, qraflar nəzəriyyəsindən istifadə edilməklə türk dövlətləri arasında birbaşa xarici investisiyaların şəbəkə analizləri aparılıb. Ümumi tarazlıq modelindən istifadə edilməklə COVİD-19 pandemiyasının turizm sektoruna və iqtisadiyyata dinamik təsirləri araşdırılıb və araşdırmanın elmi-praktik nəticələri Fransada keçirilən beynəlxalq konfransda təqdim edilib. Bununla yanaşı, zaman sıralarının ekonometriyası metodundan istifadə etməklə, Azərbaycanda qadınların əmək bazarında iştirakına neft sektorunun inkişafının təsirləri araşdırılıb. Tədqiqatın nəticəsi müvafiq olaraq Yaponiyada keçirilən elmi konfransda təqdim edilib.
İcraçı direktorun sözlərinə görə İİTKM-in nəzdində fəaliyyət göstərən www.azexport.az, www.enterprıseazerbaıjan.com portalları, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi ölkəmizdə sahibkarların ixrac prosesləri haqqında maarifləndirilməsi, ixrac obyekti olan müxtəlif əmtəələrə dair sertifikatların verilməsi, startapların dəstəklənməsi və s. kimi işləri həyata keçirir. Belə ki, 2022-ci ildə Azexport.az portalına 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. www.enterprıseazerbaıjan.com portalında mövcud layihə sayı 144-dür. Ötən il Portalın yeni İnkubasiya və Akselerasiya Akvariumu, eləcə də “Startup School”u yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2022-ci ildə ümumilikdə 269,7 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib. Ötən il ərzində “Bir Pəncərə” İDM-nin ixrac həyata keçirdiyi 5 ölkə İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstandır. Mərkəzin ixracını həyata keçirdiyi 5 əsas məhsul isə qiymətli metallar, pambıq mahlıcı, süd məhsulları, meyvə şirələri və akvakultur üsulu ilə yetişdirilmiş nərəcinsli balıqların kürüsüdür.
O əlavə edib ki, beynəlxalq əməkdaşlıq istiqamətində də İİTKM tərəfindən müvafiq işlər görülür. 2022-ci ildə İİTKM-in əməkdaşları ABŞ, Türkiyə, Yaponiya, Almaniya, Qazaxıstan, Polşa, Makedoniya, İtaliya, İndoneziya, Fransa, Özbəkistan və Pakistanda önəmli beynəlxalq tədbirlərdə iştirak ediblər.
2022-ci ildə İİTKM-in nəzdində olan “İslahat könüllüləri” təşkilatına 100-dən artıq gənc qoşulub və ümumi könüllü sayı 446-a çatıb. Könüllülərdən 70-dən çoxuna sertifikat verilib, 40-dan çox tələbə həm də təşəkkürnamə ilə təltif olunub.