BİZNES

16 Yanvar

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinqi həyata keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2022-ci ildə 78 qiymətləndirmə və monitorinq hesabatı hazırlayıb.

Fins.Az xəbər verir ki, bunu 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, monitorinq və qiymətləndirmə İİTKM-in əsas fəaliyyət istiqamətlərindəndir. Mərkəz hazırda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini həyata keçirir. Eyni zamanda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirməsini də Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM reallaşdırır.