BİZNES

13 Yanvar

Sahibkarlar üçün 250-dən çox xidmət bir arada – “Bakı KOB evi”ndən reportaj VİDEO

Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Sahibkarlığın inkişafının birbaşa dövlət tərəfindən dəstəklənməsi də bu baxımdan gələcəyə hesablanmış siyasətdir. Bunun nəticəsidir ki, reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Hələ 5 il əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması bu işdə canlanmaya səbəb oldu. Hazırda KOBİA-nın qarşısında KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaq kimi prioritet vəzifələr durur. Bu vəzifələrin uğurla reallaşdırılması üçün ölkə ərazisində KOB evləri yaradılır. Yanvarın 6-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən “Bakı KOB evi” də onlardan biridir. Bakıda birinci olan KOB evi ölkə üzrə sayca 3-cüdür.

Fins.Az-ın məlumatına görə, AZƏRTAC-ın əməkdaşı “Bakı KOB evi”ndə olub, yaradılan şəraitlə, göstərilən xidmətlərlə maraqlanıb.

Ümumi sahəsi 11 min kvadratmetrdən çox olan “Bakı KOB evi” üç mərtəbədən ibarətdir. Binanın ilk iki mərtəbəsi sahibkarlara dövlət-biznes (“G2B”), biznes-biznes (“B2B”) və digər xidmətlərin göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. KOB evi konsepsiyasına uyğun olaraq “Bakı KOB evi”ndə də dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir.

“Bakı KOB evi”nin direktoru Zaur Qasımbəyov yaradılan şəraitlə tanışlıq zamanı bildirib ki, burada sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox xidmət təqdim olunur. Belə ki, sahibkarlar biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, notariat və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Sahibkarların maliyyə əlçatanlığının təmin olunması məqsədilə “Bakı KOB evi”ndə 5 bankın, lizinq və sığorta şirkətlərinin fəaliyyət masaları mövcuddur. “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Ümumiyyətlə, burada bir çox qurumlar tərəfindən sahibkarlıq fəaliyyətinə dair xidmətlər göstərilir.

Binada, həmçinin təlim, startap və mediasiya məkanları yaradılıb. Təlim otaqlarında sahibkarlar üçün müxtəlif mövzularda ödənişsiz təlimlər təşkil olunacaq və məsləhət xidmətləri göstəriləcək. Sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə “Bakı KOB evi”ndə iş adamlarına Mediasiya Şurası tərəfindən mediasiya xidməti də təklif olunacaq. Startap İnkişaf Mərkəzində isə ideya mərhələsində olan startaplar üçün müxtəlif avadanlıqlardan (3D printerlər və skanerlər, laser kəsim aparatları, CNC robotlar, kameralar, 3D təlim eynəkləri və digər texnoloji avadanlıqlar) ibarət ortaq iş məkanı yaradılıb. Startapların ekspert, dizayn, mühəndislik və mentor dəstəyinə olan ehtiyacları da qarşılanacaq. Mərkəzdə mütəmadi olaraq startaplar və investorların görüşləri, təlimlər, mentor dəstəyi və məsləhət xidmətlərinin təşkili nəzərdə tutulur. İşgüzar görüşlər və müxtəlif tədbirlər üçün “Bakı KOB evi”ndə yerləşən görüş otaqları və konfrans zalı da sahibkarların istifadəsində olacaq.

Hazırda “Bakı KOB ev”ləri Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Zaur Qasımbəyovla söhbət zamanı məlum oldu ki, Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 200 minə yaxın xidmət göstərilib. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi isə 98 faizdir. Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin fəaliyyətə başlaması nəzərdə tutulur.

“Sahibkarlara dövlət və biznes xidmətlərinin vahid məkanda təqdim olunduğu KOB evlərində xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. KOB evləri həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərir”, - deyə “Bakı KOB evi”nin direktoru əlavə edib.

Beləliklə, “Bakı KOB evi” ilə tanışlığımız başa çatır. Sahibkarlar burada dövlətimizin onlar üçün yaratdığı imkanlardan asanlıqla yararlana bilərlər. Məlumdur ki, biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlığın inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas məqamlarından biridir. KOB evlərinin də bu siyasətin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyinə əminik.

 
 
Loaded100.00%
 
Remaining Time 0:40