BİZNES

11 Yanvar

“2022-ci il iqtisadi inkişafın Azərbaycan modelinin dayanıqlılığını bir daha təsdiq etdi”

Ötən il Azərbaycanın xarici ölkələrlə ticarətdə böyük profisitə çıxması qlobal çağırışlar qarşısında milli iqtisadiyyat üçün əlavə təhlükəsizlik yastığı yaradır.

Fins.Az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, ötənilki iqtisadi nailiyyətlərin qlobal iqtisadiyyatdakı çalxalanmalar fonunda əldə olunması Azərbaycanın iqtisadi inkişaf modelinin dayanıqlığının bariz sübutudur: “Ötən ilin əsas makroiqtisadi nəticələri milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair kifayət qədər ürəkaçan mənzərə formalaşdırır.

Bildiyimiz kimi 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulu rekord həddə - 134 milyard manata və ya 80 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə xarici ticarət dövriyyəmiz 50 milyard ABŞ dollarını ötüb. Eyni zamanda xarici ticarət dövriyyəsinin müsbət saldosu 25 milyard ABŞ dollara çatıb".

A. Həsənli hesab edir ki, xarici borcun ÜDM-dəki payının azaldılması tendensiyası 2022-ci ildə də davam etdirilib: "Nəticədə bu göstərici 2021-ci ildəki 17 %-dən 2022-ci ildə 9,5 %-ə kimi enib. Hazırda ölkənin xarici borcu 7 milyard ABŞ dollarının altındadır. Vəziyyətin unikallığı ondan ibarətdir ki, Azərbaycan bütün bu uğurları qlobal iqtisadiyyatı xeyli zamandı caynağına alan böhran fonunda reallaşdırmağı bacarıb. Bu, ilk növbədə Azərbaycanın iqtisadi inkişaf mödelinin dayanıqlığını göstərir. Eyni zamada milli iqtisadiyyatın xarici şoklara orepativ və adekvat reaksiyasının bariz nümunəsidir".

Ekspert diqqətə çatdırıb ki, qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycanın dünya miqyasında cərəyan edən mənfi tendensiyalardan kənarda qalması mümkün olmasa da, həmin təsirlərin effektinin minimuma endirilməsi əsas prioritet olub: “Postpandemiya dövründə dünyanın aparıcı iqtisadiyyatlarının karantin rejimini ləğv etməsi və sərhədləri açması qlobal tələbin kəskin artmasına səbəb oldu. Lakin qapanmadan dolayı qısa zamanda qlobal təklifi bərpa etmək mümkün olmadığından təkliflə tələb arasında kəskin disbalans yarandı. Defisit isə qlobal inflyasiyanı tətiklədi".

A. Həsənli vurğulayıb ki, enerji daşıyıcılarının kəskin bahalaşması digər məhsulların da proporsional şəkildə qiymətinin artmasını stimullaşdırdı: "Məlumdur ki, heç bir ölkə yüz faiz özünü təmin edə bilməz. Hər bir ölkə bu və ya digər formada idxaldan aslıdır. Azərbaycan da bu mənada istisna deyil. Ötən il ölkəmizdə inflyasiyanın ikirəqəmli olması ərzağın 60 % bahalaşması ilə bağlı oldu. Lakin nəzərə almaq lazımdır ki, inflyasiyanın böyük hissəsi idxal olunan idi.

Hökümətin qlobal proseslərə çevik və təxirəsalınmaz reaksiyası qiymət artımının təsirlərinin minimuma endirilməsində həlledici rol oynadı. Həmin siyasətin davamını biz bu ilin ilk günlərində gördük. Belə ki, minimum əməkhaqqının 15 %, minimum pensiyanın isə 16,7 % artırılması məhz inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb. Paralel olaraq Azərbaycanda idxaldan asıllılığın azaldılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində sistematik iş aparılır. Bütün bunlar nəticə etibarı ilə xarici iqtisadi şokların milli iqtisadiyyata təsirini azaldacaq və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlavə töhfə verəcək”.