BİZNES

29 Dekabr

Alkoqollu içkilərin reklamı ilə bağlı pozuntular aşkarlanıb - Dövlət Xidməti

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqlər nəticəsində bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan bir sıra təsərrüfat subyektləri tərəfindən yayımlanan reklamlarda qanunvericiliyin tələblərinin pozulması əlamətləri müəyyən edilib.

Belə ki, qeyd olunan reklamlarda alkoqollu içkilərdən istifadə etməyən şəxslərin nüfuzdan salınma obrazı yaradılıb, habelə alkoqollu içkilərdən istifadə nəticəsində şəxsin emosional durumunun yaxşılaşacağı bildirilib. Reklam edilən məhsullar barədə “ən çox sevilən və içilən”, “ən dadlı alkoqollu içki” kimi ifadələrdən istifadə edilib, bir sıra alkoqollu içkilərin dünyanın ən yaxşısı olması, digər içkilərdən daha yumşaq olması kimi qeydlərə rast gəlinib. Bununla yanaşı, alkaqollu içkilərdən istifadə olunması prosesi nümayiş etdirilməklə yanaşı, reklamlarda spirtli içkilərdən həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlığa yer verilməyib.

Qanunvericiliyə əsasən, alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması, alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması, cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi və alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş etdirilməsi qadağandır. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Qanun pozuntusu əlamətləri üzrə Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir.