“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş 10-cu iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin yaydığı məlumatda bildirilir ki, Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.
İclasda Cəmiyyətin 2022-ci il üzrə fəaliyyətinin yekunu ilə bağlı hesabatı dinlənilib, eyni zamanda “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində tullantıların yığılması, daşınması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması, idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.