BİZNES

29 Dekabr

Azexport Azərbaycan məhsullarını ABŞ-a ixrac edir

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı ABŞ-ın Nyu York şəhərində yerləşən “Euphoria INC” şirkəti ilə əməkdaşlığa başlayıb. Bu haqda portalın rəhbəri Ayxan Qədəşov ABŞ-a səfəri çərçivəsində “Euphoria INC” şirkətinin prezidenti Lera Itz ilə görüşdə razılıq əldə edib. A. Qədəşov görüşdə Azexport portalının imkanları və nəaliyyətləri barədə məlumat verib.  Portalda qeydiyyatda olan Azərbaycan məhsullarının onlayn nümayişini həyata keçirib. Daha sonra şirkətin məhsul anbarı ilə tanış olub.

A.Qədəşov görüşdən sonra bildirib ki Azərbaycanın yerli istehsal məhsullarının Amerika bazarlarında öz yerini daha da möhkəmləndirməsi üçün bütün imkanlar mövcuddur: “Müşahidələrim onu göstərir ki, məhsullarımız qablaşdırma və keyfiyyət baxımdan bazarda olan məhsullarla rəqabət aparma imkanına malikdir. Hazırda mövcud geosiyasi vəziyyəti də nəzərə alsaq Azərbaycan mallarının kiçik uyğunlaşdırmalar aparmaqla bazara daxil olması üçün geniş imkanlar mövcuddur.  Bu gün baş tutan görüş də hər iki tərəf üçün çox məhsuldar keçdi. Görüşün nəticəsi olaraq ilkin mərhələdə çay, qənnadı məhsulları, alkoqolsuz içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar və kosmetik vasitələrin birgə əməkdaşlığ çərçivəsində ABŞ-a ixracına dair işlərin başlanmasına dair razılığa gəldik.”

Qeyd edək ki, “Euphoria INC” şirkəti 15 ildən artıqdır ki, ABŞ-ın 10-dan artıq ştatında təmsil olunur. Şirkət dünyanın 15-dən artıq ölkəsindən qənnadı məhsulları, konservləşdirilmiş qidalar, meyvə şirələri, balıq məhsulları, çay və şəxsi gigiyena məhsullarının ABŞ-a idxalı ilə məşğuldur.