BİZNES

23 Avqust

Bugün Azərbaycanda “Google Pay” xidməti istifadəyə verilir

Bu gündən etibarən Azərbaycanın bir neçə bankının müştəriləri həm Android, həm də WearOS cihazlarında “Google Pay” xidmətindən istifadə edə biləcəklər.

Fins.az xəbər verir ki, “Google Wallet”in bu gün saat 12:00-da aktiv olacağı gözlənilir.

“Google Pay”, istifadəçilərə mağazalarda (təmassız ödənişlərin aktiv olduğu), tətbiqetmələrdə və internet üzərindən təhlükəsiz alış-veriş etmək imkanı yaradır.

Təhlükəsizlik və məxfilik Google Pay və Google Wallet-in əsas üstünlükləridir ki, bu da çoxsaylı təhlükəsizlik təbəqələri ilə ödənişləri daha təhlükəsiz edir. Ödəniş etmək istədiyiniz yerdə təmassız ödəniş işarəsini görməyiniz kifayətdir ki, elektron cihazınızı POS-terminala yaxınlaşdıraraq ödənişi tamamlaya bilərsiniz. Google Pay-ə qoşulmaq üçün elektron cihazınıza “Google Wallet” tətbiqetməsini yükləyin, növbəti addımda + (üstəgəl) işarəsini basıb, oradakı təlimatlara əsasən kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir.

Bununla yanaşı, müştərilər Google Pay vasitəsilə WearOS cihazlarına yüklənmiş tətbiqlərdə və ya internet brauzerlərində açılmış saytlarda rahat və ani alış-veriş edə bilərlər. Beləliklə, artıq qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmır. 

Qeyd edək ki, Google Wallet-dən istifadə üçün telefonda Android 6.0 və daha yuxarı yeniləmə olmağı kifayətdir.