Sağlamlıq və şəxsi qulluq məhsulları yeni açılan “Rossmann” mağazalarında təqdim edilir.
Pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu yeni bir xətt üzrə müştərilərinə məhsullar təqdim etməyə başladı. “Veysəloğlu-Rossmann” şirkətini yaradan Qrup ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. Həmsöhbətimiz “Veysəloğlu-Rossmann” şirkətinin rəhbəri Aydan İsmayılovadır.
Aydan xanım, alman markası olan “Rossmann”ı ölkəmizə gətirmək fikri necə yarandı?
Xarici ölkələrə səyahət etmiş həmvətənlərimizin əksəriyyətinə, eləcə də mənə “Rossmann” markası çoxdan tanış idi. Mən özüm də hər imkanda, olduğum şəhərdə yaxınlıqdakı “Rossmann” mağazasını tapır və oradan sevdiyim məhsulları alıb özümlə Bakıya gətirirdim.Veysəloğlu Şirkətlər Qrupu olaraq, pərakəndə bazarında 10 ildən çox təcrübəmiz sayəsində istehlakçıların düşüncə və davranışlarını daim izləyirik. Bu isə bizə imkan verir ki, yeni istiqamətlər haqqında düşünək. Düşündük və istehlakçılara bu dəfə marketçilikdən fərqli bir seqmentdə xidmət göstərməyə qərar verdik. “Rossmann” brendini ölkəmizə gətirdik ki, artıq real alman keyfiyyəti yalnız xaricə səfər edənlərə deyil, hər kəsə əlçatan olsun.
“Rossmann” haqqında bir neçə kəlmə ilə nə deyə bilərsiniz?
Bir neçə kəlmə ilə bu markanın tarixçəsindən danışım. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulmuşdur. Həmin dövrə kimi Almaniyada qiymətlər dövlət tərəfindən tənzimlənirdi. Qiymət tənzimlənməsi aradan qalxdıqdan sonra gənc Rossmann öz şirkətini yaratdı, çünki artıq müştərilərə büdcələrinə uyğun münasib qiymət təklif edə biləcəkdi. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal və özəl brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
Avropada istehsal olunan məhsul dedikdə, insanlar bu məhsulun baha olacağını düşünə bilərlər. Bəs əslində necədir?
Belə düşünməkdə haqlı ola bilərlər. Avropa istehsalı olan məhsullar dedikdə, ilk ağlımıza gələn yüksək qiymətdir. Bunun da səbəbi brend markaların illər boyu sübut olunmuş yüksək keyfiyyət amilidir. “Keyfiyyətli məhsul mütləq bahalı olmalıdır” klişe düşüncəsini “Rossmann” mağazalar şəbəkəsi çoxdan aradan qaldırıb.
Sizə maraqlı bir faktı deyim. Ümumiyyətlə, Almaniyada kosmetika, gigiyena və sağlamlıq məhsulları digər ölkələrlə müqayisədə daha münasib qiymətədir və şübhəsiz ki, keyfiyyətlidir. “Rossmann”a gəlincə, burada 29 özəl markanın (private brand) 450-dən çox brendi istehlakçılara təqdim olunur. Bu isə o deməkdir ki, brendinq xərcləri yüksək olmayan və beləliklə, münasib qiymətə müştəriyə təklif edilə bilən məhsullara mağazada geniş yer verilib. Uzun sözün qısası, artıq alıcılarımız geniş çeşiddə yüksək keyfiyyətli məhsulları mümkün uyğun qiymətə ala biləcəklər.
Mağazalarınızda yalnız “Rossmann” brendinə məxsus mallar əldə etmək olar, yoxsa başqa markaların məhsulları da satılır?
Hazırda “Rossmann” mağazalarında iki növ məhsul təqdim edirik: 1) Məhdud sayda Nivea və Ariel kimi bazarda mövcud olan qlobal markaların məhsulları – bu məhsulların qiyməti bazardakı qiymətlə eynidir; 2) Məhz “Rossmann” mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – bu məhsullar da münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s.-dir. Mağazalarımızın təqdim etdiyi məhsul çeşidi və rahat alış-veriş təcrübəsi, yəni eyni anda, eyni məkanda bir sıra məhsulları əldə etmək imkanı hər kəs üçün göydəndüşmə fürsət ola bilər. Əvvəllər yalnız xaricdən ala bildikləri məhsullar müştərilərimiz üçün indi daha əlçatandır.
Deyilənə görə, “Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır. Bu, həqiqətdirmi?
Tamamilə doğru məlumatdır. Unutmamalıyıq ki, heyvanlar dünyaya öz həyatlarını yaşamaq üçün gəliblər, bizə xidmət etmək üçün deyil. Onlardan istifadə etmək və onları istismar etmək yolverilməzdir. “Rossmann” heyvanlar üzərində təcrübə aparılmasının qəti əleyhinədir və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Məhsulların heç birinin istehsal mərhələsində heyvanlardan subyekt kimi istifadə etmirik və istifadəsinə icazə vermirik. Məhsullarımız yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir. Heyvan testlərindən qaçmaq üçün biz həmişə sübut edilmiş və təsdiqlənmiş inqrediyentlərə üstünlük veririk.
Avropa istehsalı olan məhsullar haqqında yerli alıcılarımıza məsləhət vermək üçün satıcılarımız nə qədər hazırlıqlıdırlar?
Hər bir şirkətin sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işini sevən insan resurslarıdır. Biz də rəqabət üstünlüyümüzü əməkdaşlarımızın peşəkarlığında və inkişafa açıq şirkət mədəniyyətimizdə görürük. “Rossmann” heyəti olaraq, mağazalarımızda çalışan əməkdaşlara xüsusi təlimlər keçirik. Təlim proqramına məhsullar haqqında ətraflı məlumat, məsələn, məhsul tərkibinə daxil olan maddələr, onların hazırlanmasının xüsusi texnika və texnologiyası daxildir. Xüsusilə vurğulayım ki, “Rossmann”ın bir sıra məhsulları beynəlxalq sertifikatlara layiq görülüb. Bu sertifikatlar bir daha sübut edir ki, məhsullarımız keyfiyyətli və təhlükəsizdir. Qalır müştəriyə ehtiyacına uyğun məhsulu seçməkdə kömək etmək. Təlimdə əməkdaşlarımız məhsul seçimi prosesində müştərilərə lazımi tövsiyələr vermək üçün dərinin xüsusiyyətləri, qulluq növləri və s. dair biliklər əldə edir. Təbii ki, bütün bunların mərkəzində müştərilərə doğru xidmət qaydaları dayanır.
Aydan xanım, siz özünüz “Rossmann” brendinə məxsus hansısa məhsuldan istifadə edirsinizmi?
Təbii ki... Mən deyərdim ki, Isana markasına aid bir sıra, xüsusilə də üz və bədən qulluğu məhsullarından sevərək istifadə edirəm. Yay fəsli olduğu üçün günəş şüalarına qarşı SunOzon mənim və ailə üzvlərimin əvəzolunmaz məhsullarıdır. Məişətdə təmizlik üçün seçimim isə Domol məhsulları, yumşaldıcı və təmizləyici spreyləridir.
“Rossmann” mağazalarını şəhərin hansı nöqtələrində tapmaq olar?
Mağazalarımız təşkilati quruluşuna görə şəhərin istənilən guşəsində açıla bilər. İlk mağazamız Bakının “İnşaatçılar” metrostansiyasının yaxınlığında açıldı. Növbəti mağazamız isə Bakı Dövlət Universitetinin yaxınlığında müştərilərin ixtiyarına verildi. Amma biz bununla kifayətlənmirik. Yeni mağazaların açılışı məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində uyğun məkan axtarışlarımız davam edir. Çalışırıq ki, insanlara daha yaxın və əlverişli yerləri seçim edək. Axı bu markanı Azərbaycana gətirmək bəs deyil, onu həm də ən uyğun yerlərdə istehlakçılara təqdim etmək lazımdır.