"Fins.az"-ın müsahibi EY şirkətinin Azərbaycanda İlin İş Adamı proqramının rəhbəri Nərmin Quliyevadır.
Azərbaycandan üç sahibkar bu yaxınlarda Monakoya səfər edərək əvvəllər Ernst Young adlanan EY beynəlxalq audit və konsaltinq şirkəti tərəfindən hər il keçirilən mötəbər beynəlxalq “İlin İş Adamı” müsabiqəsinin final mərhələsində ölkəmizi təmsil etdilər. EY şirkətinin Azərbaycanda İlin İş Adamı proqramının rəhbəri Nərmin Quliyeva bu müsabiqənin mahiyyəti və missiyası haqqında danışır:
Sahibkarların “xüsusi gen”ə malik olması fikrinə getdikcə daha çox inanmağa başlayıram. Bu gen çoxlarının yalnız xəyal etdiklərinə nail olmağa kömək edir, düşüncələri əmələ, ideyaları nəticələrə çevirən daxili qüvvəni hərəkətə gətirir. Bəlkə də, bu insanların hər şeyi bilmək istəyi genetik səviyyədə müəyyən olunub. Öyrənmək, cəhd göstərmək, sınamaq həvəsi onları daima irəli aparır və olduqca iddialı edir. EY-da biz belə iş adamlarına “unstoppable” deyirik. Şəxsən mən bu anlayışı yorulmaq bilməyən, məqsədinə çatmaqdan ötrü bütün maneələri dəf edən kimi izah edərdim.
İnanıram ki, birinin maneə və problem gördüyü yerdə başqasının imkan görməsinə səbəb məhz sahibkarlıq ruhudur. İddialı iş adamları səhv etməkdən, vaxt və ya pul itirməkdən qorxmurlar – əksinə, əvvəl heç kimin etmədiyi bir hərəkəti etmək şansından faydalanmağa çalışırlar. Bu nə qədər bayağı səslənsə də, həmin o “xüsusi gen” daşıyıcılarını digər insanlardan fərqləndirən başlıca cəhət elə bu xüsusiyyətdir.
Nə üçün məhz EY...
Dünyanın daha mükəmməl məkana çevrilməsində sahibkarların vacib rolunu aydın görən EY “İlin İş Adamı” adlı proqramı təsis edib və artıq neçə ildir ki, həyata keçirir. Ən mötəbər beynəlxalq müsabiqələrdən biri olan bu proqramda seçim meyarlarına cavab verən bütün biznes nümayəndələri iştirak edə bilərlər. Proqram 35 ildən çoxdur ki, təsis edilib və dünyanın 60-dən çox ölkəsində keçirilir. Ölkəmizdə isə müsabiqə ilk dəfə 2019-cu ildə elan edilib. Müsabiqənin unikallığı onun yüksək beynəlxalq standartlara uyğun təşkil olunması və qüsursuz nüfuza malik olmasıdır. Müsabiqənin qalibləri biznes icmasının tanınmış nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən müəyyən edilir. EY-ın əməkdaşları isə seçimdə iştirak etmir. Müsabiqə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və ABB sponsor dəstəyi ilə həyata keçirilir.
Məqsəd nədir?
EY tərəfindən təsis olunmuş və hər il təşkil edilən müsabiqə nümunə olacaq uğurlu rol modellərin axtarışına və işgüzar fəallığın artmasına təkan verərək sahibkarlıq ideyasını təbliğ edir. Bu proqram müsabiqə iştirakçılarının tanıdılmasına – Azərbaycanda isə bu, kiçik və orta sahibkarlardır – və biznesin ən nüfuzlu nümayəndələri və sözünü demiş şirkətləri sırasında öz yerini tutmağa kömək edir. Bundan əlavə, müsabiqənin milli mərhələsinin qalibləri proqramın beynəlxalq mərhələsində ölkələrini təmsil etmək hüququnu qazanırlar. Onlar “Dünya üzrə İlin İş Adamı” titulu uğrunda mübarizə aparmaq üçün Monakoda toplaşırlar.
Daha bir fərqləndirici xüsusiyyət də odur ki, “EY İlin İş Adamı” iştirakçılara münsiflər heyətinin üzvləri ilə görüşlər keçirmək fürsəti verən yeganə müsabiqədir. Bu görüşlər zamanı iştirakçılar təcrübəli və uğur qazanmış top-menecerlər və biznes nümayəndələri ilə effektiv ünsiyyət qurmaq, faydalı məsləhətlər almaq imkanı əldə edirlər. Hər mərhələdə müsabiqə iştirakçıları əlavə motivasiya və hətta yeni ideyalar əldə edirlər. İştirakçıların əksəriyyəti mənimlə fikirləri ilə bölüşərkən qeyd edirlər ki, EY şirkətinin bu proqramında iştirak etdikdən sonra onlar öz baxışları və biliklərini sistemləşdirmiş, işgüzar əlaqələr dairəsini genişləndirmişlər. Bəzi iştirakçılar hətta yeni layihələr üçün tərəfdaşlar tapa bilmişlər.
Dünya üzrə İlin İş Adamı
Proqramın ölkəmizdə təsis edildiyi 2019-cu ildən etibarən 3 iştirakçı milli mərhələdə qalib gəlib. Bu il üçü də Monakoda keçirilən ölkələrarası yarışmaya qoşulublar. Onların sırasında ilk dəfə keçirilən müsabiqənin qalibi, Horeca şirkətinin rəhbəri Rəşxan Qaraşlı, keçən il bu mötəbər titula yiyələnmiş “Resm” zərgərlik brendinin təsisçisi Rəsminə Qürbətova və nəhayət, bu ilki müsabiqənin qalibi, orqanik məzələr və mürəbbələr istehsal edən "ZIRA Natural Gourmet" brendinin təsisçisi Afət Əhmədovadır.
Qeyd etmək lazımdır ki, həmyerlilərimiz müsabiqənin beynəlxalq mərhələsində ilk dəfə təmsil olundu və bu barədə məlumatı müsabiqənin beynəlxalq mərhələsinin rəhbəri Staşa Mitçel Monakoda toplaşanlarla bölüşdü.
“EY İlin İş Adamı” müsabiqənin beynəlxalq mərhələsinin bu ilki qalibi isə Argentinada fəaliyyət göstərən Aleph Group, Inc şirkətinin təsisçisi və baş direktoru 49 yaşlı Qaston Taratuta oldu. Taratuta 2005-ci ildə vətəni Argentinada və ümumilikdə Cənubi Amerika regionunda rəqəmsal iqtisadiyyatın inkişafına təkan vermək üçün media şirkəti təsis edib. 16 il keçdikdən sonra Taratuta firmanı dünyanın dörd qitəsində 90 bazarda təmsil olunan uğurlu qrupa çevirməyə müvəffəq olub. Keçən ildə işçi sayı mindən artıq nəfər olmaqla xalis əməliyyat mənfəəti 131 milyon ABŞ dolları, xalis gəlir isə 26 milyon ABŞ dolları təşkil edib.
Ümid edirəm ki, yaxın gələcəkdə “Dünya üzrə İlin İş Adamı” tituluna həmyerlimiz layiq görüləcək. İstənilən halda, bizim sahibkar kişi və qadınlarımız da bu “xüsusi gen”ə malikdirlər.