Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.
"Fins.az" xəbər verir ki, “AzInTelecom” MMC-nin təqdim etdiyi İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir.
Bu xidmət, həmçinin müəssisələrin əməkdaşlarının kiberhücumlara qarşı məlumatlılıq dərəcəsinin artırılması, kiberhücumları aşkarlaya bilmələri üçün maarifləndirilmə proqramının təşkilini əhatə edir.
Kibertəhlükəsizlik xidməti çərçivəsində isə informasiya resurslarının, veb və mobil tətbiqlərin təhlükəsizlik yoxlanışı həyata keçirilir.
Müştərinin İT infrastrukturunda, servis və xidmətlərində kiberhücumlar zamanı istismar edilə biləcək boşluqların aşkarlanması və aradan qaldırılması üçün dəstək verilir. Eyni zamanda, müştərinin daha öncə qarşılaşmış olduğu kiberinsidentlərin əsas səbəbinin müəyyən edilərək aradan qaldırılması üçün “AzInTelecom”un mütəxəssisləri müəyyən texniki işlər aparırlar.
Yeni xidmətlərin təqdim edilməsində əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlarla işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.