BİZNES

13 İyun

Azərbaycanda iqtisadiyyata qoyulan investisyaların məbləği açıqlanıb-RƏSMİ

2022-ci ilin yanvar-may aylarında əsas kapitala 4915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilib.

"Fins.az"xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artıb. İstifadə olunmuş vəsaitin 2829,6 milyon manatı və ya 57,6 faizi məhsul istehsalı sahələrinə, 1799,0 milyon manatı (36,6 faizi) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3534,4 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,0 faiz, büdcə vəsaitləri 34,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, sair vəsaitlər 5,1 faiz, bank kreditləri isə 1,7 faiz təşkil edib.