Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilir.
"Fins.az" xəbər verir ki,“Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunan proqram gənclərin ictimai-sosial aktivliyinin artırılması məqsədilə həyata keçirilir.
İlkin mərhələdə nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC üçün nəzərdə tutulan “Azərpoçt könüllüləri” istiqaməti üzrə qeydiyyat aparılır. Proqrama 16-26 yaş aralığında olan şəxslər müraciət edə bilərlər.
Bu link – //bit.ly/3PiRDxc vasitəsilə 23 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçmək mümkündür.
“Azərpoçt könüllüləri” layihəsinin birinci mərhələsi “Azərpoçt” MMC-nin Bakı şəhərində yerləşən poçt xidmət mərkəzlərində həyata keçiriləcək. Könüllülər 2 əsas mərkəzi poçt məntəqəsi üzrə 3 növbədə fəaliyyət göstərəcəklər.
Rəqəmsallaşma və yenilənmə proseslərinə keçid etməkdə olan “Azərpoçt” bu layihəni vətəndaş məmnuniyyətinin ölçülməsi, onlardan gələn təklif və şikayətlərin araşdırılması məqsədilə iki ay müddətində davam etdirəcək.