2022-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,7 milyard manatlıq, o cümlədən 10,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
"Fins.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artmışdır. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
2022-ci ilin yanvar-may aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 faiz, bazar və yarmarkalarda 6,9 faiz artmış, fərdi sahibkarlar üzrə isə 1,6 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 352,6 manatlıq, o cümlədən 201,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,0 manatlıq qeyri-ərzaq malları almışdır.