BİZNES

10 İyun

Azərbaycanda hansı məhsullar bahalaşıb?-RƏSMİ AÇIQLAMA

Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 13,7% artıb.

"Fins.az" xəbər verir ki, 2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0%, əvvəlki ilin may ayına nisbətən 20,2% artıb.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 7,1 faiz artıb. Cari ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir

2022-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin may ayına nisbətən 10,3 faiz yüksəlib. Cari ilin may ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.