BİZNES

07 İyun

Orxan Məmmədov: Ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 136 mln. ABŞ dolları təşkil edib

Ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 136 mln. ABŞ dolları təşkil edib.

"Fins.az" xəbər verir ki, bunu  Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

İnvestisiyalara gəlincə, Agentliyin rəhbəri qeyd edib ki, 1995-2021-ci illər ərzində Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 mln. dollardan çox, Qazaxıstanın isə Azərbaycanın qeyri-neft sektoruna sərmayələri təxminən 100 mln. dollar təşkil edib.

"Azərbaycan əlverişli biznes və investisiya mühiti ilə tanınır. Ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi buna sübutdur. Onların arasında Qazaxıstan kapitallı 159 şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) var. Qazaxıstan bazarında Azərbaycan şirkətləri də təmsil olunur.

Qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində bütün məsələlərin müzakirəsi üçün səmərəli platforma rolunu oynayan ölkələrimiz arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu ayrıca qeyd etmək istəyirəm",- deyə Orxan Məmmədov qeyd edib.