BİZNES

25 May

“ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 4 dəfə artıb

“Hesabat ilində şəffaflaşdırma üzrə də bir sıra nailiyyətlər əldə edilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Sevinc Həsənova bildirib ki, əmək müqavilələri 1 milyon 684 min 797 ədəd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə artım deməkdir: “Onlayn kassa aparatları üzrə dövriyyələrin həcmi 2021-ci ildə 1,8 dəfə artıb. Bu da ölkədə aparılan şəffaflaşdırma siyasətinin nəticəsində mümkün olub. Ötən il “ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 2020-ci illə müqayisədə 4 dəfə artıb və şəffaflaşdırmaya öz töhfəsini verib. Regionlar üzrə də dövriyyələr artıb və regional siyasətin nəticələrinin artıq görülməsinə şərait yaradır. İqtisadiyyatda şəffaflaşma vəziyyətinin mühüm göstəricilərindən biri də ölkədə nağdlaşdırma səviyyəsidir”.