İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.
"Fins.az" xəbər verir ki, dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin Komitə sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, KOBİA-nın İdarə Heyətinin sədr müaviniNatiq Həsənov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış ediblər. Natiqlər “Əmək və Məşğulluq” altsistemi istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacağı vurğulanıb.
Bildirilib ki, yeni altsistemin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaqdır və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırır. Belə ki, sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.
Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının, “Paşa Holding” MMC-in, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-in, Auditorlar Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan-Fransa Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye Korporasiyasının, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İB-in, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri iştirak edib.