BİZNES

24 May

Mikayıl Cabbarovdan Davos Dünya İqtisadi Forumunda Azərbaycan iqtisadiyyatı ilə bağlı AÇIQLAMA

“Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərinə nəzər saldıqda, fiskal və məhsul istehsalı cəhətdən artım müşahidə olunur”. 

"Fins.az" xəbər verir ki,  bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumunda (World Economic Forum) çıxışı zamanı deyib. 

Nazir vurğulayıb ki, regional əməkdaşlığın genişləndirilməsi və mərkəzi dəhliz adlanan kommunikasiya dəhlizlərinin inkişafı bütün regional aktorlar üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin şərqdən qərbə, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması, nəqliyyat infrastrukturuna investisiyaların yatırılması, qonşu ölkələrlə sıx və etibarlı tərəfdaşlıq prioritet məsələlərdəndir.  

M.Cabbarovun sözlərinə görə, Azərbaycana daha çox enerji təchizatı ilə bağlı müraciətlər olur: “Bizim enerji ehtiyatlarımız var və bazarı təchiz etməyimizdən çox məmnunuq. Lakin qeyd etməliyik ki, bu sektora son bir neçə il ərzində investisiyalar azalıb. Buna da səbəb maliyyə institutlarının, siyasətçilərin yanacaq ehtiyatlarına, o cümlədən təbii qaz istehsalına baxışının dəyişməsidir. Belə şəraitdə əsas diqqət bu günün tələbinin ödənməsinin gələcək 5 ilin gözləntiləri ilə necə uzlaşdırılmasına yönəlir. Çünki məqsədlərə nail olmaq üçün qarşıdakı 5 il müəyyənləşdirilib, bu, 25 və ya 15 il deyil, sadəcə, 5 ildir”.