BİZNES

14 Aprel

Vüqar Oruc: Belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq

Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq.

"Fins.az"xəbər verir ki, bunu “VECON CONSULTING” Qiymətləndirmə şirkətinin direktoru və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

O qeyd edib ki, Qarabağın işğaldan azad olması ilə keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması məsələsi də gündəmə gəldi. Hesab edirəm ki, bunun üçün mərhələli və uzunmüddətli bir proqram hazırlanıb işlənməlidir. Çünki azad olunan ərazilərin minalardan təmizlənməsi, həmin ərazilərdə yaşayış infrastrukturun yaradılması və ardınca yaşayış evlərinin inşası həyata keçirilməlidir. Bir daha qeyd etmək istəyirəm ki, düşmən oranı elə bir xarabalığa çevirib ki, həmin ərazilərə yenidən həyat qayıtması üçün uzun müddət lazımdır. Bu mənada dövlət proqramlarının işlək mexanizmə gətirilməsi, keçmiş məcburi köçkünlərin torpaqlarına geri dönməsi ilə paralel olaraq onlara məxsus olan daşınmaz əmlakların satışa çıxarılması məsələsi də öz həllini tapmalıdır.

Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması ilə bağlı fikirlərini bölüşən Vüqar Oruc "Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması qərarına gəldikdə isə, məlumdur ki, Azərbaycan hökuməti məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atıb və bu binaların inşasına müharibədən əvvəl başlanılıb. Burada söhbət məcburi köçkünlər üçün inşa edilmiş yeni binalardan gedir"-deyə bildirib. 

Onun sözlərinə görə,bütün hallarda belə bir qərarın verilməsi daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Nəzərə alanda ki, Azərbaycan hökuməti aztəminatlı və xüsusən gənc ailələr üçün sosial mənzillərin inşasını davam etdirir, bu mənzillərin də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial ehtiyacı olan vətəndaşlara təqdim olunması təqdirəlayiq bir adımdır. Sözsüz ki, bu qərar aztəminatlı ailələrin bu binalardan mənzil almasını əlçatan edəcək.

Vüqar Oruc sözügedən mənzillərin qiyməyinin münasib olmasına da toxunaraq "Dövlət sifarişi ilə tikilən binalarda ümumi xərclərin az olması, torpaq sahələrinin dövlət tərəfindən ayrılması və nəticə etibarilə həmin binalarda mənzillərin maya və bazar dəyərinin digər mənzillərdən daha ucuz olması mühüm məqamdır. Buna görə də, həmin mənzillər daha aşağı qiymətə təklif olunacaq. Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq,"-deyə əlavə edib.