"Fins.az" İnformasiya Texnologiyaları üzrə ekspert Fərhad Mirəliyevin Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin bu günlərdə həyata keçirdiyi mənzil satışı ilə bağlı yaranan narazılıqlar barədə məqaləsini təqdim edir.
Güzəştli mənzillərin satışı ilə bağlı gedən proseslərə münasibət birmənalı olmadı. İddia olundu ki, botlar vasitəsilə mənzillər alınıb və ya əvvəlcədən satılıb. Qarşı tərəf də bunları təkzib etdi və statistika təqdim etdi. İstənilən halda bu prosesdə heç bir tərəfdən iştirak etmədiyimə görə qəti fikir söyləmək düzgün olmaz. İndiki halda ancaq loqlara baxaraq təhlil aparmaq olar. Buna baxmayaraq prosesin təşkil olunma forması ilə bağlı bir neçə qeydim var:
1) Yaradılışdan bütün insanların eyni bilik və bacarıqlara malik olması mümkün deyil. Güzəştli dediyimiz mənzillər sosial vəziyyətinə görə vətəndaşlar üçün nəzərdə tutulsa da, indiki vəziyyətdə İT bilik və bacarığına görə əldə oluna bilir. Yəni ki, sənin aztəminatlı kateqoriyadan olmağın yalnız sənədləşmədə rol oynayır, əsas məsələ sənin bot yazma biliklərin və cəld hərəkət etmə bacarıqlarındır (şərti olaraq). Bu da, dövlətin sosial rifahın qaldırılması istiqamətində apardığı işlər ilə uyğunlaşmır. Demək mexanizm tam olaraq düşünülməyib.
2) Texniki tərəfdə məsələ daha qəlizdir. Serverlərin yalnız müəyyən həcmdə sorğuları emal etmək kapasitəsi var. Normalda İT proseslər elə təşkil olunmalıdır ki, bütün istifadəçilərin eyni anda sistemə daxil olaraq yüklənməsinə səbəb ola biləcək vəziyyət yaranmasın.
Google gündə 5.6 milyard axtarışı emal edir. Dəqiqədə bu rəqəm 3.8 milyondur, serverlər də buna hesablanıb, buna uyğun da xərcləri və gəlirləri var. İndi düşünün ki, günlük axtarış sayı qədər axtarış 1 dəqiqədə baş verərsə necə olar. Yəni ki, hamı eyni vaxtda hər gün axtarış edir və sonra dayanır. Ya serverlər buna hesablanıb və bu vəziyyəti gözləyir ya da analitiklər hesablayıb ki, bu vəziyyətin yaranması real deyil, bu istiqamətdə qoyulan investitsiya itkidir.
MİDA serverlərinə 9K vətəndaş eyni anda sorğu göndərib. Nəzəri olaraq hesablayaq ki, serverlər bu qədər müraciətə hazır olub, çünki, 25K vətəndaş qeydiyyatdan keçmişdi. Normalda texniki tapşırıq elə düşünülməli idi ki, serverlərin yüklənməsinə səbəb ola biləcək insidentin yaşanması minimal olsun. Amma biz nə görürük? Mexanizm elə düşünülüb ki, vətəndaşların uğur qazanması üçün eyni vaxtda, eyni saniyədə sistemdə olması şərtdir və mexanizm olaraq bu təşviq edilir. Düşünürəm ki, elektron satışın texnologiyası sona qədər düşünülməyib və İT heyəti üçün formalaşdırılan texniki tapşırıq uğurlu deyil. Digər tərəfdən ildə bir neçə dəfə toplu şəkildə serverə "hücum" olacaq deyə, bu istiqamətdə yatırılan maliyyə səmərəsizdir, ROİ aşağıdır.
3)Satışın elektron baş tutması, şəffaflıq baxımından müsbət yanaşmadır. İctimaiyyətin gözləntisi şəffaflıqla bağlı hesabatlılıqdır. Bu fərdi məlumatların qorunması prinsipi ilə ziddiyət təşkil etsə də, hansısa bir ortaq məxrəc mütləq tapılmalıdır. Mənzil qazana bilməyən vətəndaş ədalətli satış zamanı uduzmasından əmin olmalı və bununla təsəlli tapmalıdır.