Portala, Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün icra hakimiyyətləri - 77 yerli icra hakimiyyəti orqanları inteqrasiya olunub.
"Fins.az"xəbər verir ki,bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) məlumat yayımlayıb.
Məlumata görə,2021-ci ildə EHİM “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalını istifadəyə verib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Portal vətəndaşlara icra hakimiyyətlərində görüş üçün onlayn qaydada müraciət etmək, təmir-abadlıq və digər önəmli hesab edilən məsələləri aktuallaşdırmaq, icra hakimiyyətləri tərəfindən təqdim edilən bir sıra xidmətləri elektron qaydada əldə etmək imkanı yaradır.
Vətəndaşların rəqəmsal hökumət xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə 2, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində “Rəqəmsal hökumət pəncərə”ləri yaradılıb. 2021-ci ildə xidmətdən istifadə üçün 16 minə yaxın müraciət qeydə alınıb.