BİZNES

22 İyun

Rəhbər: 2020-ci il ərzində 30 mln. manatdan çox vergi ödənilib

Azərbaycana xaricdən investisiya cəlbi eyni zamanda əcnəbi istehsalçıların fəaliyyətinin ölkəmizdə təşkili əsas iqtisadi istiqamətlərdən biridir. Dünyada pivə istehsalı sahəsində liderlərdən olan “Carlsberg Group” şirkətinin Azərbaycanın ən böyük pivə istehsalçısı olması  danılmaz faktdır. Şirkətin nümunəvi fəaliyyəti və ölkədə istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması, bütövlükdə iqtisadiyyata dəstəyi xüsusilə diqqətəlayiqdir. Bu günlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Azerbaijan” arasında imzalanan Anlaşma Memorandumu bu şirkəti və fəaliyyət sahəsini bir daha gündəmə gətirmiş oldu. “Fins.az” “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Maltsevin müsahibəsini təqdim edir.

Bu günlərdə İqtisadiyyat Nazirliyi və “Carlsberg Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd nədir və bu memorandum şirkətin fəaliyyətinə hansı yeniliklər gətirəcək?

Bu sənədin əhəmiyyətini bir neçə sözlə ifadə etmək çətindir. Bu bir  çox sahələri əhatə edən çox böyük sənəddir. Bu imzalanmaya və tərəfdaşlığa tərəfimizdən çox şad olduq. İqtisadiyyat Nazirliyi ölkədə dövlət və biznes arasında olan münasibətləri və müxtəlif sahələrdəki bizneslərin fəaliyyətini dəstəkləyir və tənzimləyir. Biz də bu bazarın iştirakçısı olaraq bu yanaşmanı və imzalanmanı yüksək qiymətləndiririk.  Anlaşma memorandumunda Pivə Sənayesinin İnkişaf Planı 2030 sənədinin hazırlanması haqqında razılaşmaya gəlmişik. Biz əminik ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə pivə sənayesinin inkişafına töhfə verəcək bir sənəd ərsəyə gələcək.  Bu planın ilk 5 illiyi üçün konkret tədbirlər planı artıq mövcuddur.

Memorandum çərçivəsində Şirkətin 2021-2025-ci illərdə 25 mln AZN məbləğində kommersiya,  istehsalat, əməkdaşların inkişafı, təhlükəsizlik və bir sıra digər istiqamətlərə  investisiyaların yatırılması da nəzərdə tutulub.

İkinci istiqamət bizim müvafiq dövlət orqanları ilə birgə pivə kateqoriyasını tənzimləyən texniki şərtlərin və standartların yenilənməsidir. “Carlsberg Group”un bir çox bazarlarda təcrübəsini nəzərə alaraq bu prosesin üzərində dövlətlə birgə çalışa bilərik.

Növbəti istiqamət xammalın lokallaşdırılmasıdır. Biz 2 il əvvəl pivə istehsalı üçün nəzərdə tutulan xammalın lokallaşdırılması üzrə layihənin tərəfdaşımız "AzərŞəkər" şirkəti ilə birgə icrasına başladıq. Bu memorandumda həmin məsələlərin genişləndirilməsi öz əksini tapıb.

“Carlsberg Azerbaijan”ın pivə kateqoriyası üzrə planına həmçinin ixrac və biznesin diversifikasiyası daxil edilib.

“Carlsberg Azerbaijan”ın dövriyyəsi təxminən nə qədər təşkil edir? Pandemiya satışlara necə təsir etdi?

Pivə kateqoriyasına pandemiya neqativ təsir etdi. Ötən il ərzində kateqoriya böyümədi, hətta ümumi həcmlərdə bir qədər eniş oldu. Sözügedən vəziyyətin yaranması ilin əksər hissəsi pandemiya ilə bağlı olaraq pivənin yerində istehlak nöqtələri olan kafe, restoran, hotellərin bağlı olması ilə izah edilir. Biz şirkət olaraq 2020-ci ildə 16% artıma nail ola bildik. Pandemiyanın lap əvvəlindən çevik hərəkət etdik, operativ şəkildə biznes proseslərimizi dəyişə bildik. Supermarketlərdə, ticarət nöqtələrində süzmə pivənin satışına başladıq. Belə ki, kafe və restoranlar bağlı olan zamanda biz istehlakçılarasüzmə pivəni təklif edə bildik. Bazardakı digər pivə istehsalçıları da vəziyyətə adaptasiya etməyə çalışdılar. Ola bilər ki, bu tip addımlar o qədər də tez atılmadı. Ona görə də ümumilikdə pivə bazarında artım müşahidə edilmədi.

Satış həcmlərimizə gəldikdə isə qeyd edim ki, bu gizli məlumat deyil. Biz bu məlumatları dövrü olaraq Dövlət Statistikası Komitəsinə və dövlətin digər rəsmi qurumlarına təqdim edirik. 2020-ci il ərzində bizim satış həcmimiz 42 mln. ton pivə olub. Vergi ödənişlərimizlə nəzər yetirdikdə, 2019-cu ilə müqayisədə vergilərdə 60% artım qeydə alınıb. Ümumilikdə 2020-ci il ərzində 30 mln. manatdan çox vergi ödənilib.

“Carlsberg Azerbaijan”ın 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 mln. manatdan çox sərmayə yatıracağı bildirilir. İnvestisiya əsasən şirkətin hansı istiqamətdə inkişafına yönəldiləcək?

Bir neçə istiqamətlər var. Birinci istiqamət istehsalatın modernizasiyası, süzmə xətlərinin renovasiyasıdır. İkincisi istehsalatda təhlükəsizlik və əməyin mühafizəsi. Bizim zavodda gəlib çalışan üçüncü tərəflər üçün maksimal təhlükəsiz iş şəraitinin yaradılması da mütləq amildir. Növbəti istiqamət “Carlsberg Azerbaijan”ın portfelinin genişləndirilməsidir. Burada istehlakçıya müxtəlif dad və kateqoriyada təklifin olmasıdır. Biz bunun üzərində daim çalışırıq. Bu portfelin diversifikasiyası kimi qiymətləndirilə bilər.

Növbəti və üçüncü böyük istiqamət, xammalın lokallaşdırılması ilə bağlıdır. Ona görə ki, tək xammal yox, qablaşdırmaların da lokallaşdırılmasını nəzərdə tutmuşuq və bunun üzərində

işləyirik. Bununla yanaşı tərəfimizdən yerli bazar oyunçularının da təkmilləşdirilməsi, onların da tələb edilən keyfiyyət standartlarına uyğunlaşdırılması üçün addımlar atılacaq.

“Carlsberg Azerbaijan” bu yay mövsümündə bazara yeni məhsullar təqdim edəcəkmi?

2020-ci ildə özünütəcrid şəraitində olduğumuza görə bizim istehlakçılarla ünsiyyətimiz bir az daha qəliz idi. İlin çox hissəsini özünütəcrid şəraitində olduq. Buna görə biz bir çox yeni brendlərimizin bazara təqdim edilməsini 2021-ci ilə keçirdik. Bunların sırasında ilk növbədə “Kuler” brendinin yeni növünü qeyd edə bilərəm. Azərbaycanda “Kuler" brendi kifayət qədər populyardır. Bu brend xüsusilə yay aylarında aktualdır. Təxminən 2 həftə öncə bazara təqdim etdiyimiz “Kuler Sweet Lime" məhsulunu qeyd etmək istərdim. “Kuler”in laym tamlı yeni növünü yenicə istehsal etdik və Kuler-dən yeniliyi artıq satış nöqtələrində görmək olar.

İkinci xəbər - əslində bu xəbəri eksklüziv hesab etmək olar. Azərbaycanda №1 pivə brendi olan “Xırdalan” pivəsinin yeni növü – “Xırdalan Premium Dark” bir neçə gün öncə istehsal edildi. Biz əminik ki, olduqca yüksək keyfiyyətli pivəni bizim istehlakçılarımız bəyənəcək. Təxminən 2 il əvvəl biz bazara “Xırdalan Non-filtered” təqdim etmişdik və həmin pivə istehlakçılarımız tərəfindən sevilmişdir. Biz ümid edirik ki, tünd pivə də istehlakçılar tərəfindən bəyəniləcək.

Bundan əlavə “Xırdalan” brendinin dizaynını yeniləmişik. Bu proses böyük zaman kəsiyində reallaşıb. Təxminən 1,5 ildir ki, bizim komanda “Xırdalan” brendinin dizayn yenilənməsi üzərində çalışır. Təbii ki, bizim pivənin keyfiyyəti hər zaman yüksək olaraq qalır. Bir sıra beynəlxalq müsabiqələrdə də 1-ci, 2-ci yerlərə layiq görülmüşük. Məhsullarımız Böyük Britaniyada qızıl medal, Belçikada da ən yüksəl xallara layiq görülüb. Biz istəyirdik ki, pivənin keyfiyyəti ilə yanaşı xarici görünüşü, etiketi, dizaynı da dünya standartlarına uyğun olsun. Ona görə də bu sahədə lider olan şirkətlərin biri ilə çalışıb bir çox tədqiqatlar aparmışıq və inanırıq ki, hazırda “Xırdalan” brendinin xarici görünüşü də məhsulun keyfiyyəti kimi yüksək səviyyədədir. Biz bunu azərbaycanlı istehlakçılara daha yüksək səviyyəli məhsullar təqdim etmək üçün edirik. Eyni zamanda İqtisadiyyat Nazirliyi ilə birgə imzaladığımız Memorandumda da ixracla bağlı öhdəliklərimiz qeyd edilib. Biz istəyirik ki, xarici bazarlarda “Xırdalan” tək keyfiyyəti ilə deyil, öz xarici görünüşü ilə, vizual olaraq da istehlakçıları cəlb etsin. Edilən yeniliklərdən sonra əminik ki, bu məhz belə də olacaq. “Xırdalan” xarici bazarlarda da uğurlar qazanacaq.

2020-ci ildə “Carlsberg” şirkətinin Azərbaycanda aqrar sahədə yeni layihəyə başlandığı elan edilmişdi. Hətta ötən ilin iyun ayında ilk arpa yığımının həyata keçiriləcəyi açıqlanmışdı. Bu istiqamətdə hansı işlər görülüb?

2019-cu ildə “Carlsberg Azerbaijan” tərəfindən Şəmkir rayonu ərazisində pivəlik arpa əkini həyata keçirildi. Bu layihədə bizim tərəfdaşımız “Azərşəkər” şirkətidir. Layihənin ilk günlərindən AzərŞəkər tərəfindən böyük maraq, peşəkarlıq gördük. Bu illər ərzində kifayət qədər sıx əməkdaşlıq edirik.

2019-cu ildə ilk test əkini həyata keçirildi və 2020-ci ilin yayında ilk biçim baş tutdu. Həmin arpanı həm yerli, həm xarici regional laboratoriyalara göndərdik. Kifayət qədər yüksək keyfiyyət nəticələri aldıq. Bitirilmiş arpanın pivə istehsalı potensialı yüksək qiymətləndirildi. Eyni zamanda Azərbaycanda yetişdirilən arpadan pivə istehsalında istifadə edilən səməninin istehsalı mümkündür. Daha sonra 2020-ci ildə daha genişmiqyaslı - Şəmkirdə həmçinin Ağcabədidə 70 hektardan artıq ərazidə arpa əkini həyata keçirildi. Hazırda həmin ərazilərdən 200 tondan çox arpa yığılacağını gözləyirik. Bu da bizim illik tələbatın təxminən 10%-ni ödəyəcək. 2022-2023 illərdə yerli arpaya tamamilə keçmək istəyirik. Bunun tək öz şirkətimiz üçün həyata keçirilməsində maraqlı deyilik. “Azərşəkər” və digər aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edilərək yerli arpanın pivə istehsalında istifadəsinin genişləndirilməsinə çalışırıq ki, nəticədə ölkədə fəaliyyət göstərən digər pivə istehsalçıları da yerli arpadan istifadə edərək pivə istehsal etsin. Tədricən arpa istehsalı və pivə istehsalının da tamamilə yerli arpaya keçidlə yanaşı arpa ixracı da həyata keçirilsin. Ona görə ki, Azərbaycanda kifayət qədər yüksək keyfiyyətli arpa yetişdirilir. Niyə də bu arpa xarici bazarlara çıxarılmasın? Biz pivə istehsalçısıyıq, rəfdə olan pivənin keyfiyyəti bizim üçün ən əsas məsələdir. Həm yerli həm də xarici laboratoriyalarda həmkarlarımız Azərbaycanda yetişdirilən arpanın xarici, əsasən Avropa ölkələrindən aldığımız arpanın keyfiyyəti qədər yüksək keyfiyyətli olduğunu təsdiq etdi. Ona görə də biz arpa əkinini genişləndirməyə qərar verdik.

Azərbaycanın regionlarında konkret olaraq Qarabağda “Carlsberg Azerbaijan”ın müvafiq şöbələrinin açılması ilə bağlı hər hansı layihə nəzərdə tutulur?

Biz istehsalçıyıq, təbii ki, ilk növbədə qarşımızda olan məqsəd regionu davamlı şəkildə pivə ilə təmin etməkdir. İkinci istiqamət satış və distribusiya mərkəzinin açılmasıdır. Dövlət işğaldan azad olunan ərazilərin bərpasını mərhələli şəkildə həyata keçirdiyi kimi, bizim şirkət də həmin rayonlarda addım-addım öz fəaliyyətinə uyğun şəkildə layihələr reallaşdıracaq. Əlavə olaraq qeyd edim ki, Qarabağda torpaqlar çox məhsullardır. Düşünürük ki, gələcəkdə Qarabağ torpaqlarında tərəfdaşlarımızla birgə aqrar layihəmizin genişləndirilməsi üçün böyük potensial var.

“Carlsberg Azerbaijan” məhz Azərbaycanda yetişən arpadan istehsal edilən pivənin xarici ölkələrə ixracını nəzərdə tutub? Bu məhsullar Azərbaycan məhsulu kimi xarici bazarlara çıxarılacaq yoxsa “Carlsberg” brendinin məhsulu kimi?

Biz hazırda məhsul ixrac edəcəyimiz bazarları təyin etməklə bağlı intensiv işləyirik. Burada iki əsas meyar var. Birinci, həmin ərazidə azərbaycanlı əhalinin kifayət qədər çox olması, ikinci isə pivənin istehlak səviyyəsinin ölkədə yüksək olması. Bu iki meyarları təhlil etdikdə bizim üçün maraqlı olan bazarları tapa bilərik. Yəgin, bilmək istərdiniz ki, konkret hansı bazarlar üzrə aktual araşdırma həyata keçiririk? Bu mütləq şəkildə qonşu ölkələr və ya Şərqi Avropa ölkəsi olmalı deyil. Biz bu məsələyə daha geniş baxırıq və bütövlükdə dünya səviyyəsində ixrac imkanlarımızı araşdırmağa daha çox üstünlük veririk. Bu sahədə ikinci məsələ də seçdiyimiz bazarlar üçün qiymət, məhsul və s. baxımından rəqabətli təklifin hazırlanmasıdır. Təbii ki, ilk növbədə biz “Xırdalan” və “Əfsanə” brendlərinin ixracını düşünürük. Əsasən bu məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi kimi mövqe qazanması üçün tədbirlər həyata keçiriləcək. Azərbaycanda yetişdirilən arpadan istehsal olunan məhsul olması xüsusən vurğulanacaq.

Müəllif: Aynur Qəniyeva