İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib.
Fins.az xəbər verir ki, V. Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi və İİTKM tərəfindən icra olunan monitorinq və qiymətləndirmə fəaliyyəti, eləcə də Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə səfirə ətraflı məlumat verib. O bildirib ki, aparılan bu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında yüksək nəticə göstərən islahatçı ölkə mövqeyini qoruyub saxlaya bilir.
Pakistan səfiri Bilal Haye isə iki qardaş ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, hər iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib və iqtisadi əlaqələrin, xüsusilə ticarət əlaqələrin genişlənməsinin vacibliyini və əhəmiyyətini vurğulayıb. Hər iki ölkə arasında ticarət və investisiya sahəsindən əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Həmçinin bu istiqamətdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Pakistanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub.
Qonağa “Doing Business 2020” islahatları və Mərkəzin 5 illik yubileyinə dair aid icmallar təqdim olunub.