Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə bu ilin payız aylarında Bakıda MDB dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının 42-ci iclasının təşkili nəzərdə tutulur.
Komitədən Fins.az-a verilən məlumata görə, həmin ərəfədə həmçinin "MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi"nin də keçirilməsi gözlənilir.
Qeyd edək ki, MDB dövlətlərinin Hökumət Başçıları Şurasının 29 may 2020-ci il tarixində təsdiq etdiyi "Tədbirlər planı"na əsasən 2021-ci il MDB ölkələrində "Memarlıq və şəhərsalma ili" kimi qeyd edilir.
Ötən gün Komitəsinin təşkilatçılığı beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə "MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər" mövzusunda video-konfrans keçirilib.
Konfransda çıxış edən Komitənin sədr müavini Dövlətxan Dövlətxanov şəhərsalma sənədlərinin hazırlanması, memarlıq və tikinti-quraşdırma işləri, tikinti materialları, məhsul və konstruksiyaların istehsalı, eləcə də mühəndis-axtarış işləri ilə bağlı iştirakçı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində Bakı və Gəncə şəhərlərinin Baş Planlarının tərtib edilməsində istifadə edilən yeni yanaşmalar, ərazi planlaşdırılması və layihələndirmə prosesini əks etdirən təqdimatların nümayişi keçirilib.
Tədbir zamanı MDB ölkələrində şəhərsalma və memarlıq sahələrində aktual problemlər və onların həlli yolları, layihələndirmədə müasir texnologiyaların tətbiqi, habelə bu sahədə əldə edilən nailiyyətlər haqqında Azərbaycanı təmsil edən nümayəndə heyəti ilə yanaşı, Rusiya, Moldova, Belarus və Qırğızıstanın aidiyyəti qurumlarının mütəxəssislərinin müvafiq təqdimatları dinlənilib, qarşılıqlı maraq kəsb edən aktual istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.