BİZNES

03 May

Prezident Serbiya şirkətlərini Qarabağın bərpasında iştirak etməyə dəvət edib

Prezident İlham Əliyev Serbiya şirkətlərini Qarabağda həyata keçirilən bərpa işlərində iştirak etməyə dəvət edib.

“Biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq”, - deyə dövlət başçısı mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən bildirib.

İ.Əliyev əlavə edib ki, Serbiya şirkətləri dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər.

Prezident, həmçinin Bakı ilə Belqrad arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. “İkitərəfli münasibətlərə gəldikdə, əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik”, - deyə İ.Əliyev vurğulayıb.