BİZNES

30 Aprel

15 KOB subyektinin layihəsini dövlət maliyyələşdirəcək

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqənin nəticələri açıqlanıb.

Fins.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 329 layihədən 15-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının aprelin 30-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 322-si KOB subyekti və 7-si qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 329 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, o cümlədən 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir.

 

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqəyə sənəd qəbulu 17 fevral - 18 mart tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 19 mart - 23 aprel tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Layihələrinin maliyyələşdirilməsinə dair qərar qəbul edilmiş KOB subyektləri barədə məlumat KOBİA-nın rəsmi internet səhifəsində (//bit.ly/3oZx4HZ) yerləşdirilib.