"Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Fins.az xəbər verir ki, vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.
Məlumata görə,iştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiya yönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas prioritet istiqamətlərdən biri olduğu üçün, gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.
Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, habelə sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.