Dövlət Şəhərsalma və Arxitertura Komitəsi düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (2), Gəncə şəhərində (3), Tərtər rayonunda (4), Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (5), Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.
Qalib şirkətlər ilə, müvafiq olaraq 116,2 milyon manat, 457,9 milyon manat, 489,5 milyon manat, 567,1 milyon manat, 338,8 milyon manat və 211,6 milyon manat, ümumilikdə isə 2 milyard 181 milyon manatlıq müqavilələr imzalanıb.