BİZNES

26 Aprel

Beşinci Brand Award Azerbaijan milli müsabiqəsinə start verildi

Caspian Energy Club-ın təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsinə start verilib.

Bu barədə Fins.az-a Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. O, qeyd edib ki, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı, Social Lab agentliyinin rəqəmsal tərəfdaşlığı ilə keçirilən beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində ölkənin 2021-ci ildə ən tanınan 50 brendi seçilərək mükafatlandırılacaq.

Telman Əliyev həmçinin bildirib ki, müsabiqə artıq hazırlıq mərhələsində öz faydasını verməyə başlayıb. “Müsabiqəyə qeydiyyat mərhələsində 100-dən artıq şirkət öz brendlərinin loqolarına dəyişiklik edib, veb-sayt və sosial media səhifələrindəki məlumatlarını yeniləyib. Bəziləri rebrendinq keçirib. Bir sıra şirkətlər müsabiqədə iştirak üçün öz veb-sayt və sosial şəbəkə hesablarını yaradıb. Biz düşünürük ki, artıq ilkin mərhələ üçün öz məqsədimizə çatmışıq.” – deyə o, bildirib.

Telman Əliyev bu müddət ərzində “Brand Award Azerbaijan” milli müsabiqəsinin rəsmi sosial şəbəkə hesablarında mütəmadi canlı yayımlar keçirib. O, hər kəsi səsvermədə aktiv iştirak etməyə və sevdiyi korporativ, xidməti və məhsul brendlərə səs verərək dəstək olmağa çağırıb.

Qalib brendlər 23 may tarixinə qədər “brandaward.az” saytında baş tutan onlayn səsvermə əsasında seçiləcək. Səsvermə həm ölkə daxili həm də ölkə xaricində baş tutacaq. Respondentlər “brandaward.az” saytında minimum 20 brend olmaqla müxtəlif namizədlərə səs verəcəklər. Mükafatın təqdimetmə mərasimi onlayn formatda 1 iyun tarixində keçiriləcək.

“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin, dünyanın müxtəlif ölkələrində təşkil olunan milli və regional “Brand Award” müsabiqələrin qalibləri 2021-ci ilin sonunda yekun  “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.