BİZNES

23 Aprel

Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti artıb

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2020-ci ili 1 milyon 346 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Agentlik 2019-cu ildən 1 milyon 153 min manat xalis mənfəətlə çıxmışdı.

Ötən il ADRA-nın gəlirləri 6 milyon 12 min  manat (illik müqayisədə 14,1% az), o cümlədən reklam yayımı haqlarından gəlirləri 5 milyon 889 min manat (13,7% az), digər gəlirləri isə 323 min manat (20,8% az) təşkil edib.

Hesabat dövründə Agentliyin xərcləri isə 4 milyon 866 min manat (20% az), o cümlədən insan resursları üzrə xərcləri 3 milyon 144 min  manat (27,4% az), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 555 min manat (35% çox), icarə xərcləri 451 min manat (10,5% çox), istifadə edilmiş mal-material ehtiyyatları üzrə xərcləri 79 min manat (2 dəfə az), təmir və saxlanma xərcləri 85 min manat (18,3% az), ezamiyyə xərcləri 27 min manat (7,5 dəfə az), digər xərcləri isə 524 min manat (11,5% çox) olub. Qurum mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 6 milyon 278 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,2% çoxdur. Ötən il Agentliyin öhdəlikləri 8% azalaraq 15 min manata düşüb, balans kapitalı isə 27,3 artaraq 6 milyon 263 min manata çatıb.

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

(c)Report