BİZNES

23 Aprel

Hesablama Palatası: Ölkəyə gətirilən qızılın həcmində 3 dəfədən artıq fərq var

Azərbaycana xaricdən gətirilərək gömrükdə rəsmiləşdirilən qızıl zərgərlik məmulatlarının həcmi ilə, dövriyyədə olan  məmulatların həcmində 3 dəfədən artıq fərq var. Qızıl idxalı ilə məşğul olan şirkət isə başqa idxalçılar qarşısında üstünlük imkanı qazanıb. 

Fins.az xəbər verir ki, bu barədə Palatanın Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində apardığı auditin nəticəsində əsasən hazırlanan hesabatda bildirilir.

Hesabatda bir qədər mürəkkəb formada deyilir ki, ölkəyə qızıl idxalında bəzi şirkətlərə digərlərilə müqayisədə daha əlverişli şərait yaradılıb.

Palata bildirir ki, ölkəyə idxal edilən zərgərlik məmulatları qanunvericiliyin tələblərinə uyğun olmayaraq müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilərək bəyan edilir. Bu hallar gömrük inzibatçılığı çərçivəsində tam və hərtərəfli qaydada araşdırılmır və nəticədə dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri yandırılır. Bu da həmin məmulatların idxalı ilə məşğul olan hüquqi şəxs eyni fəaliyyətlə məşğul olan ( və ya məşğul olmağa cəhd edən) şəxslər qarşısında üstünlük əldə etməsi üçün əlverişli şərait yaradıb.

Palata ölkəyə xaricdən gətirilən qızıl məmulatlarının həcmi ilə bağlı Gömrük Komitəsinin rəsmi məlumatlarını da şübhə altına alır.

Qeydedək ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəsmi məlumatlarına əsasən 2019-cu ildə ölkə ərazisinə 300,3 kiloqram zərgərlik məmulatlarının idxal edildiyi göstərilir.

Palata isə hesab edir ki ölkə daxilində dövriyyədə olması ehtimal edilən zərgərlik məmulatlarının fiziki həcmləri daha böyükdür. Qeyd edək ki, Azərbaycana xaricdən gətirilən , zərgərlik məmulatlarının yalnız Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilir.

«Ölkəmizin özünəməxsus tarixi ənənələrini, eləcə də Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən hər il 60 minə yaxın nigah hadisəsinin baş verməsini nəzərə alaraq 2019-cu ildəki yalnız nigah hadisələri ilə əlaqədar minimum miqdarda (20 qram) zinət əşyasının alınması şərtilə dövriyyədə olmalı zərgərlik məmulatlarının fiziki həcmləri ilə idxal edilmiş zərgərlik məmulatlarının fiziki həcmləri arasında üç dəfədən çox fərqin mövcud olduğunu görmək olar».

Başqa sözlə, Hesablama Palatası bildirir ki, ölkədə 2019-cu ildə 60 min nigah olduğu halda və adət ənənəyə görə hər nigahda 20 qram qızıl məmulatı istifadə edildiyi halda real tələbat 1200 kiloqram ola bilərdi. Gömrüyün açıqladığı rəqəmlər isə bundan 3-4 dəfə aşağıdır, yəni qalan hissənin rəsmiləşdirilməməsi riski var.

Hesabatda Hesablama Palatası bəyan edir ki, inzibatçılığın gücləndirilməsi şərtilə zərgərlik məmulatlarının idxalda gömrük ödənişlərindən azad edilməsi bu sahədə şəffaflığın artırılmasına əhəmiyyətli təsir edəcək.