İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2020-ci ili 1 milyon 203 min manat mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 18,4% azdır.
Ötən il "İstehlak Mallarının Ekspertizası Mərkəzi" 4 milyon 603 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 5,4% çoxdur. Bunun hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləridir.
Hesabat dövründə qurumun xərcləri isə 17,5% artaraq 3,4 milyon manat, o cümlədən işçi heyəti üzrə xərcləri 42,9% artaraq 3 milyon 92 min manat, amortizasiya xərcləri 2,1 dəfə azalaraq 59 min manat, digər əməliyyat xərcləri 48,7% azalaraq 117 min manat, sair əməliyyat xərcləri isə 2,8 dəfə azalaraq 132 min manat təşkil edib.
Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.
"Report"