BİZNES

19 Aprel

Vüqar Oruc: Pandemiya dövründə fərdi evlərə tələbat dəyişib

“Karantindən qabaq dünya iqtisadiyyatında beynəlxalq maliyyə böhranı baş vermişdi. Dünya dövlətlərinin iqtisadiyyatında çox ciddi problemlər yaranmışdı. Sözügedən proseslər daşınmaz əmlak bazarında da böhrana səbəb olmuşdu. Bunun nəticəsində alqı-satqı faktları azalmış, bazarda müəyyən qədər durğunluq yaranmışdı”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri Fins.az-a  açıqlamasında “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

O, yaranmış pandemiya probleminin dünya bazarı iqtisadiyyatına, eləcə də iqtisadiyyatın ayrılmaz hissəsi olan daşınmaz əmlak bazarına çox ciddi təsir etdiyini qeyd edib:

“Pandemiya nəticəsində daşınmaz əmlak bazarı qiymətlərində tərəddüdlər baş verib. Bir çox hallarda əmlak sahibləri öz əmlaklarını bazara təklif etdiyi zaman onu reallaşdıra bilmir. Bunun nəticəsində bazarda qeyri-müəyyənlik yaranır və sonda qiymət aşağı düşür. Bütün bunlar daşınmaz əmlak bazarına mənfi təsir göstərir. Bu proses hələ də davam edir. Düzdür, bəzi hallarda dövlət tərəfində sosial ipoteka layihələri həyata keçirilir. İpoteka fondu tərəfindən pul ayırmaları baş verərkən daşınmaz əmlak bazarında müəyyən lokal canlanma yaranır. İpoteka ilə mənzil əldə etmək istəyənlər bazarda müəyyən aktivlik yaranmasına səbəb olur. Amma bu müvəqqəti xarakter daşıyan lokal aktivlikdir, məhdud çərçivə ilə əhatələnir. Əgər hər hansı məbləğdə pul ayrılıbsa, o bitənə qədər bu aktivlik hökm sürür. Sonra yenə də həmin süstlük yaranır. Müəyyən investorların, sahibkarların planlarına da bu, öz təsirini göstərir. Uzun vadəli planlar quran investorlar daşınmaz əmlak əldə etmək istəyirlər”.

Vüqar Oruc pandemiya dövründə sabahı proqnozlaşdırmağın müəyyən qədər çətin olduğunu vurğulayıb.

““Bu proses nə vaxta qədər davam edəcək?”, “xəstəlik bitəcəkmi?”, “vaksinləşmə effekt verəcəkmi?”, “Covid-19-un növbəti ştammı yayılacaqmı?” kimi problemlər investorların gələcəyi proqnozlaşdırmasında müəyyən problemlər yaradır. Bu da biznesə, daşınmaz əmlak bazarına öz təsirini göstərir və son nəticədə əvvəlki aktivliyin şahidi ola bilmirik. Bu proses hələ davam edəcək. Mən düşünürəm ki, yay dövründə pandemiyanın aktivləşməsi nəticəsində əmlak bazarında durğunluq yaşayacağıq”, – deyə V.Oruc vurğulayıb.

İqtisadçı ekspert fərdi evlərin satışına tələbatın artmasına münasibət bildirib. O, pandemiyanın öz şərtləri olduğunu, insan həyatına, o cümlədən, daşınmaz əmlak bazarına baxışda yeniliklər, yeni tendensiyalar yaratdığını qeyd edib:

“Bunlardan biri əhalinin daha çox sanitar-gigiyenik cəhətdən qorunma imkanları olan, bu günkü vəziyyətə görə daha çox təmiz hava ehtiyacını ödəyən yaşayış obyektlərinin əldə olunmasıdır. Bilirsiniz ki, əvvəllər insanlar daha çox mənzillərə üstünlük verirdilər. Pandemiya dövründə fərdi yaşayış evi və ya bağ evinə tələb yarandı. Belə ki, kiminsə fərdi yaşayış evi və ya bağ evi varsa, o, digərlərindən bir addım irəlidədir. Həm bu cür evlərin gigiyenik epidemioloji baxımdan qorumaq imkanları daha çoxdur. Bina evlərə bir girişdən, liftdən yüzlərlə adam istifadə edir, lakin fərdi yaşayış evində hər kəsin öz evinin girişi ayrıdır. Bütün bunlar fərdi yaşayış evlərinə tələbatı artırır. Bu da fərdi yaşayış evi əldə etmək istəyənlərin sayını artırır. Lakin bilirik ki, ölkədə iqtisadi vəziyyət o qədər də yüksək səviyyədə deyil. Əhalinin həm pandemiya ilə bağlı, həm ümumi dünya fonunda iqtisadi problemlərlə bağlı müəyyən iqtisadi problemləri mövcuddur və hər kəsin fərdi yaşayış evi almaq imkanı və lüksü yoxdur. Bu baxımdan yeni tendensiyanın, fərdi yaşayış evlərinin önəmli olmasının meydana çıxmasına baxmayaraq, onu əldə etmək istəyənlərin sayı o qədər də böyük deyil. Bu isə bazara o qədər də ciddi təsir etmir. Əvvəllə müqayisədə fərdi yaşayış evlərinə tələbat 5-10 % civarında artıb. Hansı sektor, hansı yaşayış obyektinə tələbat artırsa, təbii ki, onun qiymətində müəyyən dəyişikliklər baş verir. Ola bilər ki, yay dövründə fərdi yaşayış evlərinin qiymətində müəyyən artım yaransın. Ölkə iqtisadiyyatının mövcud şəraiti qiymətlərin qalxmasına o qədər də imkan yaratmır. Bazarda “n” sayda alıcı yoxdur və alıcı sayının məhdud olması qiymətin ciddi yüksəlişinə imkan yaratmır. Pulun alıcılıq qabiliyyəti aşağı düşsə belə qiymətlər o qədər ciddi qalxa bilməz. Mən hesab edirəm ki, daşınmaz əmlak bazarında təqribən 5-10% civarında artım ola bilər. Bunu fərdi evlərin qiymətlərinə də aid etmək olar.

Yay dövründə baş verən artım ötəri göstəricidir. Sentyabrdan qiymətlər yenidən öz məcrasına qayıdacaq. Adətən, yaşayış obeyktlərinin icarə qiymətlərinin, alqı-satqı qiymətlərinin sentyabr ayı ərəfəsində artımı müşahidə olunurdu. Çünki təhsil müəssisələri fəaliyyətə başlayır. Lakin indiki halda dərslər onlayn qaydada həyata keçirilir və təhsil sistemində davam edən bu vəziyyətə görə avqust, sentyabr aylarında da həmin sadaladığımız sahələrin dəyişməsini gözləmək mümkün deyil. Ona görə də yaxın dövr üçün daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyi baş verməyəcək”.

Qiymətləndiricilər Cəmiyyətinin rəsmisi psixoloji baxımdan üstünlük və gələcəkdə qoyulacaq investisiyalar haqqında da məlumat verib:

“Bildiyimiz kimi işğalda olan torpaqlarımız geri qaytarılıb. Bu əhval-ruhiyyənin müsbət dəyişməsinə səbəb olur. Bu ölkəyə investisiya axını, Azərbaycanda investisiya qoymaq istəyənlərin sayının artmasına gətirib çıxara bilər. Son nəticədə daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək. Amma bu təbii ki, tez bir zamanda proqnozlaşdırılmır. Yəqin ki, bunun şahidi olmaq üçün müəyyən dövr keçməlidir”.