BİZNES

14 Yanvar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi illik hesabat verdi

Bakı, 14 yanvar Fins.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2020-ci il – Zəfər ilində mandatına uyğun olaraq ölkə qarşısında dayanan əsas vəzifələrin həllinə töhfə verərək, həm də cari fəaliyyətlərlə məşğul olub.

Fins.az xəbər verir ki, İİTKM-in 2020-ci ildəki fəaliyyətinə dair hesabatı Mərkəzin departament rəhbəri Zənurə Talıbova təqdim edib.

  Zənurə Talıbova bildirib ki, 2020-ci ildə İİTKM-in monitorinq və qiymətləndirmə fəaliyyəti Dünya Bankının hesabatında Avropa və Mərkəzi Asiyada innovativ həlləri tətbiq etməklə “nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi kimi qəbul edilib və başqa ölkələrə nümunə olaraq təqdim olunub: “Bu dövrdə strateji yol xəritələri, rəqəmsal ödənişlərin genişləndirilməsi, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması, qida təhlükəsizliyinin təmin edilməsi, yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadə, eləcə də Məşğulluq Strategiyası daxil olmaqla 20-ə qədər proqramın monitorinq və qiymətləndirilməsi həyata keçirilib. Bu proqramların icrası çərçivəsində 50-dən artıq dövlət qurumu ilə əməkdaşlıq edilib.”

Ötən il ərzində İİTKM-də həmçinin beynəlxalq reytinqlər üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində təhlillər aparılıb, təkliflər verilib və layihələr hazırlanıb. Z.Talıbova bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyilə yaradılmış iqtisadi islahatların idarəedilməsi modeli dünyada ən yaxşı təcrübələrdən biri kimi qəbul edilir: “Təsadüfi deyil ki, “Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi 191 ölkə arasında 28-ci olub və ölkəmiz yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Hazırda Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modeli dünyada yaxşı nümunə kimi öyrənilir və tətbiq edilir.”

Z.Talıbovanın sözlərinə görə, İİTKM-də İqtisadi Azadlıq İndeksi, Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometri”, Beynəlxalq Valyuta Fondunun (BVF) İqtisadi İcmal hesabatlarının nəticələri ilə bağlı da təhlillər aparılıb və təkliflər verilib: “BVF-nin “Maliyyə Proqramlaşdırılması (FP)” modeli əsasında ekonometrik təhlillər əsasında makro, fiskal və monetar siyasət üzrə proqnozlar hazırlanıb. “Qeyri-neft sektorunda potensial artım” tədqiqatında məşğulluq, əmək, kapital, məhsuldarlıq təhlil edilib, artımın mənbələri, cari hesablar, büdcə və monetar sektor üzrə proqnozlar hazırlanıb. Maliyyə Proqramlaşdırılması modeli əsasında Azərbaycan üzrə “Fiskal Multiplikator”un hesablanması üzrə tədqiqat aparılaraq gəlir, sosial paket, istehlak artımı, idxala təsirlər təhlil olunub. Eləcə də, büdcənin kapital investisiya xərcləri ilə tikinti sektorunun artım tempi arasında reqresiya təhlili aparılıb.”

Z.Talıbova deyib ki, 2020-ci il ərzində İİTKM-də Asiya İnkişaf Bankı, SECO, Dünya Bankı və BVF-nin dəstəyilə “EconLAB” iqtisadi təhlil laboratoriyası qurulub: “Laboratoriyada makro, mezo və mikro səviyyədə təhlillərin aparılması üçün nəzərdə tutulmuş 5 ekonometrik modelin ilkin versiyası yaradılıb və təhlillər aparılıb. 2020-ci ildə Vətən müharibəsi dövründə Ermənistanın iqtisadi itkilərini hesablamaq üçün “4x4 Ümumi Tarazlıq Modeli” qurulub. Müharibənin düşmən tərəfin makroiqtisadi göstəricilərinə, eləcə də bu ölkənin əsas iqtisadi sektorlarına təsiri qiymətləndirilib. Əlavə olaraq, Xərclər-Buraxılış modeli modifikasiya edilib ki, bu da  işğaldan azad edilmiş rayonların, eləcə də Ermənistanla ticarət və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasının Azərbaycanın iqtisadiyyatına qısa müddətdə edəcəyi təsirləri ölçmək üçün nəzərdə tutulub. Ərazilərinin 30 ilə yaxın işğal altında qalması nəticəsində  Azərbaycana dəymiş iqtisadi zərərlər hesablanaraq məlumatlar təqdim edilib.”

Z.Talıbova bildirir ki, 2020-ci ildə İİTKM-də bir çox iqtisadi dövlət proqramlarının layihə sənədləri hazırlanıb və bu sahələrdə araşdırmalar aparılıb: “İİTKM ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında məsləhət xidmətlərinin təmin edilməsinə dair müqavilə imzalanıb. Razılaşma əsasında qurumlar tərəfindən özünüməşğulluq proqramının təkmilləşdirilməsi, sosial-iqtisadi səmərəliyin artırılması, əhatə dairəsinin genişləndirilməsi, yaradılan biznes təsərrüfatlarının dayanıqlığının təmin olunmasına dair birgə fəaliyyət göstəriləcək.”

Departament rəhbəri İİTKM-in icra etdiyi layihələrlə bağlı da məlumat verib. O bildirib ki, 2020-ci ilin üzrə www.azexport.az internet portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 610,7 milyon ABŞ dolları təşkil edib: “Ölkə ərazisində sahibkarlıq subyektləri əməkdaşlarının, fermerlərin və gənclərin iştirakı ilə pandemiya dövründə müasir rəqəmsal həll yolları vasitəsi ilə özünüməşğulluğun təmin olunmasına dair videokonfranslar təşkil olunub. Portal tərəfindən “Worldef Business School” və “Worldef “şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə “Distant Amazon və Elektron Ticarət” layihəsi həyata keçirilib. Eyni zamanda, il ərzində portalı Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birlikdə "Ticarətə Hazır" layihəsi çərçivəsində onlayn təlimlər təşkil edilib.

2020-ci il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə fiziki və hüquqi şəxslər tərəfindən 1069 dəfə müraciət olunub və nəticədə 1298 ədəd sertifikat verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən 2017–ci ilin iyun ayından 2020–ci ilin dekabr ayına kimi isə ümumiyyətlə 473,3 milyon ABŞ dolları məbləğində müxtəlif adda tikinti-sənaye, kənd təsərrüfatı məhsulları və s. məhsullar ixrac olunub ki, bunun da 182,8 milyonu ötən ilin payına düşür.

2020-ci il ərzində Rəqəmsal Ticarət Qovşağında validasiya mərkəzinin yaradılması üçün bütün texniki işlər tamamlanıb. Qarşıilıqlı şəkildə mzaların tanınması və elektron sənədlərin dövriyyəsi təmin edilib. Vahid İxrac Ərizəsi yenidən qurulub. Yeni interfeys və iş prinsipi əsasında Sərbəst Satış Sertifikatının verilməsi sistem üzərindən təqdim edilib. Qeyri-rezidentlərə göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib.

İİTKM-in Enterpriseazerbaijan.com portalına 2020-ci il ərzində yeni layihə və ideyalar əlavə olunub. İİTKM-in British Council (Britaniya Şurası) ilə əməkdaşlığı çərçivəsində İngiltərənin Newcastle Universiteti ilə “Creative Spark” (Yaradıcı qığılcım) layihəsi davam etdirilib, Azərbaycanda startap hərəkatına dəstək verilib.”

   Z.Talıbova bildirib ki, 2020-ci ildə İİTKM aktiv kommunikasiya fəaliyyətini davam etdirib və  KİV-ə 500-ə yaxın xəbər ötürüb: “Kommunikasiya fəaliyyətində pandemiya dövründə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlərin təbliğ olunması və Vətən müharibəsi ilə bağlı istiqamətlər əsas olub. Ötən ilin mart ayından başlayaraq Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı kompleks tədbirlərə həsr olunan kommunikasiya fəaliyyəti həyata keçirilib.  Sentyabr ayının 27-dən noyabr ayının 20-ə qədər isə Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda 400-ə yaxın məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub.”

Z.Talıbova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar İİTKM-də yaradılan “İslahat Könüllüləri” təşkilatı Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olub, onlarla görüş, seminar və təlimlər təşkil edilib.