BİZNES

13 Avqust

Ödənişinizi kartla qəbul etmədikdə nə etməlisiniz?-VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Fins.az İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun “Nağdsız ödənişlərə dəstək verin!” sosial çağırışlı növbəti videoçarxı da bu qəbildəndir.

Videoçarxda istehlakçıların POS-terminallardan istifadə etməsinin vacibliyi diqqətə çatdırılır, eləcə də kartla və birbaşa təmas olmadan ödənişin virusdan qorunmaq baxımından əhəmiyyəti vurğulanır. Videoçarx nağdsız ödənişlərin üstünlüklərini təbliğ edən maarifləndirici tədbirlərin davamıdır. “Alış-veriş zamanı POS-terminaldan istifadə edin!”, “Kartla ödəyin, hətta virusdan qorunun!”, “Nağdsız ödənişlərə dəstək verin!” çağırışları pandemiya və “kölgə iqtisadiyyatı” ilə mübarizənin vəhdətini yaradır.

Videoçarxın daha bir hədəfi vergi ödəyicilərini maliyyə sanksiyalarına məruz qalmaqdan qorumaqdır. Belə ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə həmin aparatların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Videoçarx bu məqamı vurğulamaqla, istehlakçılarla yanaşı, sahibkarların da maarifləndirilməsinə xidmət edir.

Qeyd edək ki, nağdsız ödənişlərin stimullaşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin prioritet istiqamətləridəndir. Bu, həm də “kölgə iqtisadiyyatı”nın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.