2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iyulda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7 faiz, əvvəlki ilin iyul ayına nisbətən 102,7 faiz olub. İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 104,6 faiz təşkil edib.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, yoqurtun, xamanın, brınza pendirinin, limonun, bananın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, üzümün, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, kartofun, təzə göbələyin, şəkər tozunun, təbii balın, spirtli içkilərin, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, dondurulmuş balığın, kəsmiyin, yumurtanın, süfrə marqarininin, almanın, kivinin, göyərtinin, sarımsağın, mərcinin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2020-ci ilin iyul ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin iyul ayına nisbətən isə müvafiq olaraq 101,3 və 101,1 faiz təşkil edib. (azertac)