BİZNES

04 Avqust

Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb

“Qeyd olunan risklər və çağırışlar fonunda beynəlxalq qurumlar da öz proqnozlarını elan edib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, cari ildə dünya iqtisadiyyatının iqtisadi artımının azalacağı proqnozlaşdırılır:

“Baş vermiş mürəkkəb situasiya ilk gündən ölkə rəhbərliyinin tapşırıqları ilə nəzarətdə saxlanılıb. Hökumət tərəfindən təsdiq edilən geniş tədbirlər planı da bu qəbildəndir. Vergi və sosial qanunvericiliyə edilən dəyişikliyə əsasən, sahibkarlara vergi güzəştləri edilib, müvəqqəti vergi sistemi tətbiq olunub”.

O qeyd edib ki, cari ilin vəziyyəti ötən illərlə müqayisə olunmalı deyil: “Həm tələb, həm də təklif böhranı birlikdə yaşanıb. Hazırda neftin qiymətinin 40 dollar həcmində qalmasına nail olunub. Bütün faktorlar proqnozlaşdırmaya əsaslanır. Qeyd olunan səbəblərdən mart ayının sonlarından iqtisadi artım səngiməyə başlayıb. Azalma aprel-may-iyun aylarında daha da kəskinləşib. Neft sektorunda 2,9% azalma müşahidə olunub. İnvestisiyalarda da azalma müşahidə olunur. Pandemiyadan ən çox əziyyət çəkən turizm sektorunda da 47,9% azalma müşahidə edilib. Bu şəraitdə hökumət məqsədyönlü şəkildə makroiqtisadi sabitliyin qorunmasına şərait yaradıb. Pandemiya ilə bağlı ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Tətbiq olunan tədbirlər inzibati xarakter daşıyır. İqtisadiyyatın reaksiyası geri plana çəkilir. Bu sahədə təhlillərimizi daha da genişləndirməliyik. Cari ildə 450 sahibkar arasında 2 sorğu həyata keçirmişik. Bu sorğular əsasında da öz proqnozlarımızı yeniləmişik”

(c)APA