Rəqəmsal dövr qlobal miqyasda mövcud olan bütün prosesləri dəyişdirir.Bu dəyişkənliyə bazarların və məhsulların təbiətini, istehsal üsullarını, çatdırılma və ödəniş qaydalarını, qlobal bazarda fəaliyyət göstərəcək kapitalın miqyasını və insan kapitalına olan ehtiyacı aid etmək olar. Yeni rəqəmsal xidmətlər məhsuldarlığı artırır, şirkətlər üçün yeni fikirlər, texnologiyalar, idarəetmə, biznes modelləri və bazara çıxış kanallarını yaradır və bunlara nisbətən az məsrəf sərf olunur. Bu səbəbdən firmaların daha az məsrəf və prosedurlarla, daha mürəkkəb vəzifələr üçün süni intellektə daha çox arxalanacağını proqnozlaşdırmaq mübahisəsizdir.
Bir çox ölkələr məlumat bazası (data) üzərində qurulan yeni iqtisadiyyata keçid edirlər. Bu dövlətlərdəki şəxslər və müəssisələr yeni məhsul və xidmətlər yaratmaq, mürəkkəb problemləri həll etmək üçün datadan istifadə etmək təcrübəsinə malikdirlər. Digər tərəfdən, bir çox orta gəlirli və inkişaf etməkdə olan ölkələr data ilə zəngin olsalar da, hələ də vətəndaşlarının şəxsi və ya ictimai məlumatlarını aktiv olaraq görmürlər. Bir çox inkişaf etməkdə olan ölkələr data bazanı inkişafa təkan verən şəkildə idarə etmək üçün infrastruktur, təhsil, qanunvericilik və digər faktorlar baxımından əlverişli şəraitə malik deyillər.Datanın bir çox inkişaf etməkdə olan ölkələrdə ucuz və bol olmasına baxmayaraq, məlumatların təhlili (data analitikası) bahadır, çünki bu infrastruktur və yüksək ixtisaslı işçi qüvvəsindən asılıdır.
Böyük datanın iqtisadiyyata artan təsiri
Rəqəmsal iqtisadiyyat getdikcə daha intensiv informasiya axınından asılı olubvə hətta neft, avtomobil istehsalı və maliyyə xidmətləri kimi ənənəvi sahələr də data əsaslı olmağa başlayıb. Şübhəsiz ki, etibar etdiyimiz avadanlıqlar vasitəsilə məlumat yaratmaq, emal etmək və istifadə etmək bacarığımızın əhəmiyyətinin artdığı bir data inqilabı dövrünü yaşayırıq. “MGI” və “McKinsey Business Technology of Office” tərəfindən edilən araşdırmalara görə, dünyadakı məlumatların həcmi sürətlə böyüyür və böyük data adlandırılan iri həcmli məlumat dəstlərinin təhlili məhsuldarlığın artması, innovasiya və istehlak artımının yeni dalğalarını dəstəkləyən rəqabət mühitinin əsas sütununa çevrilir.Böyük datadan istifadə hər bir sektorda dəyər yarada bilər. Məsələn, böyük datanı tam istifadə edən pərakəndə satış sektoru əməliyyat marjasını 60 faiz artıra bilər. Dövlət sektorunda böyük datanın istifadəsi də yüksək potensiala malikdir. ABŞ səhiyyə sahəsi səmərəliliyini və keyfiyyətini artırmaq üçün böyük datadan yaradıcı və effektiv şəkildə istifadə edərsə, hər il 300 milyard dollardan çox gəlir yaratmaq imkanına malik ola bilər. Bunun üçdə ikisi ABŞ səhiyyə xərclərində təxminən 8 faiz azalma vasitəsilə mümkün olar. İnkişaf etmiş Avropa ölkələrində dövlət idarəçiləri, digər alternativ maliyyə alətləri istisna olmaqla yalnız böyük datadan istifadə etməklə əməliyyat effektivliyinin artımında 100 milyard avrodan (149 milyard dollar) çox məbləğdə məsrəflərinə qənaət edə bilər.
Data hər bir sənaye və iş funksiyasına aid olunaraq indi artıq əmək və kapital ilə yanaşı vacib istehsal amilidir.Böyük datadan istifadə ilə beş əsas istiqamətdə dəyər yaradıla bilər:
Birincisi, böyük datanın şəffaf və yararlı halda daha yüksək bir tezlikdə istifadəsi ilə əhəmiyyətli dəyər əldə olunur.
İkincisi, fərqli strukturlar, təşkilatlar rəqəmsal olaraq daha çox tranzaksiya məlumatları yaratdıqları və saxladıqları üçün, ərzaq ehtiyatlarından xəstə günlərinə qədər fəaliyyət üzrə daha dəqiq və ətraflı məlumat toplayırlar və buna görə dəyişkənliyi aşkarlaya və məhsuldarlığı artıra bilirlər.
Üçüncüsü, böyük data daha geniş müştəri kütləsinin və bununlada daha çox ixtisaslaşmış məhsul və ya xidmətin əldə edilməsinə imkan verir.
Dördüncüsü, inkişaf etmiş analitika qərar qəbulunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Sonuncusu, yeni nəsil məhsul və xidmətlərin inkişafını yaxşılaşdırmaq üçün böyük datadan istifadə edilir.
Böyük şirkətlər (Google, Amazon, Alibaba və Tencent) artıq bir üstünlüyə sahibdirlər. Daha çox məlumat əldə etməklə alqoritmlərdən istifadə ilə xam datanı yeni əlavə dəyər verən informasiyayabir o qədər asan çevirirlər. Daha sonra bu məhsulları mövcud məhsullarla birlikdə satırlar. Bu yeni məhsul və xidmətlər daha da çox məlumat əldə edir ki, bu da həmin şirkətlərin bazar gücünü daha da artırır.
Digər tərəfdən böyük datanın bütün potensialındantam şəkildə yararlana bilmək üçün bir neçə problemi həll etmək zərurəti var. Məxfilik, təhlükəsizlik, intellektual mülkiyyət və hətta məsuliyyət siyasəti böyük data dünyasında nəzərə alınmalıdır. Dövlətlər nəinki düzgün istedad və texnologiyanı tətbiq etməli, həm də böyük datanın istifadəsini optimallaşdırmaq üçün struktur axınları və stimullarıkonfiqurasiya etməlidirlər. Şirkətlər getdikcə çoxsaylı məlumat mənbələrindən, əsasən üçüncü tərəflərin inteqrasiyası ilə datanın toplanmasına ehtiyac duyacaqlar və bunu təmin etmək üçün müvafiq imkanlar (infrastruktur və qanunvericilik baxımından) mövcud olmalıdır.
Data analitikasının müasir dövrdə artan əhəmiyyəti və növbəti mərhələlərdə nələr gözlənilir
Beynəlxalq Data Koorperasiyasının (IDC)hesablamalarına görə 2010-cu ildə dünyada təxminən iki zetabbayt (ZB) rəqəmsal məlumat yaradılıb. Əgər bu həcmdə data 1 GB-lıqdata kartlara yerləşdirilsə və başdan sona kimi düzülsəydi onda 184 milyon futbol sahəsini əhatə edə biləcək bir sahə yaranardı. Dünya İqtisadi Forumununproqnozlarına görə isə 2020-ci ildə toplanacaq datanın 44 ZB ehitimal edilir. Belə olduğu halda, ən vacib amil bu qədər böyük həcmdə datanın necə istifadə olunacağını müəyyənləşdirməkdir. Bəşər tarixində indiyə qədər belə bir məlumat partlayışı olmayıb. Bunu digər rəqəmsal imkanlar ilə bərabər smartfonların, sensorların, əlaqəli nəqliyyat vasitələrinin və cihazlarının artması ilə əlqələndirmək olar. Başqa sözlə, indi toxunduğumuz və işlətdiyimiz bir çox şey avtomatik olaraq data yaradır.Son on ildə yaşananböyük həcmdə data partlayışıyeni anlayışların, məlumatların yaradılmasına və data analitikasının güclü dairəsinin formalaşmasına gətirib çıxartdı. Biz hazırda şirkətlərin həmişəkindən daha çox məlumat topladıqlarını görürük, çünki onlar indi bizneslərini dəyişdirmək və dataya əsaslanan qərarlar vermək üçün yarışırlar. Covid-19 pandemiyasından sonra isə bu məsələ daha da aktuallaşdı.
Hazırda rəqəmsal imkanlardan mütəmadi olaraq istifadə pandemiyanın təsiri ilə gündəlik həyatımızdaəhəmiyyətli dəyişikliklərə səbəb olub və bu vəziyyət artıq daimi ola bilər.Bunun da cəmiyyətdə və iqtisadiyyatda struktur təkmilləşdirmələrinəgətirib çıxaracağı gözlənilir. Nəticədə məlumatların böyüməsi və analitik əsaslarla qərar qəbulu tendensiyası artmağa davam edəcəkdir. Sürətlə dəyişən mühitdə yaşamaq və inkişaf etmək üçün şirkətlərdövlətlər növbəti addımın nə olacağını proqnozlaşdırmaqda və real vaxtda reaksiya verməkdə çevik olmalıdırlar.
Məlumatların həcminin və mürəkkəbliyinin kəskin şəkildə artması əlçatanlıq və təhlil üçün daha çox hesablama gücü və infrastruktur tələb edir. Həm data, həm də hesablama gücü dərin öyrənmə kimi növbəti nəsil maşın dili texnikalarının təkmilləşdirilməsinə imkan verir. Nəzərə almaq lazımdır ki, data yalnız həcm baxımından artmayıb,eyni zamanda çox böyük zənginlik və müxtəliflik qazanıb. Fiziki dünyanın getdikcə rəqəmsal dünyaya daha çox bağlı olduğu yeni bir dövrə qədəm qoymuşuq. Data kameralar və nəqliyyat sensorlarından tutmuş ürək döyüntüsünüölçən monitorlara qədər hər şey tərəfindən formalaşır, nəticədə insan və ətraf mühitdavranışı haqqında daha zəngin məlumatlar yaranır.Lakin, xam və sadə formada olan data, ona danışmaq üçün səs verilmədiyi və ondan dəyərli məlumatlar əldə edilmədiyihalda praktik olaraq faydasızdır. Bəs datanı necə danışdırmaq olar? Bu gün hər kəs böyük data və inkişaf etmiş analitika, hətta maşın dili və süni intellekt haqqında danışır.
Maliyyə sənayesi böyük həcmdə məlumat istehsal edir. Bloomberg gündə 100 milyard bazar məlumatı mesajı və 125.000 xəbər mənbəyindən gündə 2 milyon yeni xəbər alır. Maşın dili alqoritmləri və təbii dil emalı ilə təchiz edilmiş proqnozlaşdırıcı analitik alətləri investorlar üçün ən vacib məlumatları tapmaq və təmin etmək məqsədilə hamısını nəzərdən keçirir. Bazar iştirakçıları və maliyyə qurumları üçün bu gün ən böyük problem, hansı məlumat dəstlərini istifadə edəcəyini müəyyən etmək; məlumat dəstlərinin yüksək keyfiyyətli, ardıcıl, əlaqəli və istifadəyə hazır olmasını təmin etmək; kritik qərarları vermək üçün mövcud datanı necə tez başa düşmək olar kimi məslələrdir. Hədsiz böyük həcmdə datanın mövcudluğu dəyişiklik və mürəkkəbliyin əsas səbəblərindən biridir. Belə ki, cari işin həcmini nəzərə alsaq, maliyyə qurumlarının məlumatları daha yaxşı idarə etməyə və alfa istehsal proseslərini avtomatlaşdırmağa kömək edəcək texnologiyanın axtarışında olması təəccüblü deyil.
Data analitikasının istifadəsi artıq yüksək gəlirli böyük şirkətlərlə məhdudlaşmır. Hal hazırda təcrübədə analitikanın istifadəsi olduqca geniş yayılıb, müəssisələrin 59%-i müəyyən bir çərçivədədata analitikadan istifadə edir. 2019-cu ildə “Deloitte”in araşdırmasına görə, respondentlərin 49% -i data analitikanın daha yaxşı qərar verməyə kömək etdiyini, 16% -i əsas strateji təşəbbüsləri daha yaxşı aktivləşdirdiyini və 10% -i həm müştərilər, həm də tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinə kömək etdiyini söyləyib. Hazırki dövrdə data çatışmazlığı kimi bir problem olmasa da, mövcud datanın keyfiyyəti sual altındadır. Bu səbəbdən, maksimum nəticə əldə etmək üçün şirkətlər data analitikası texnologiyasını necə düzgün istifadə edəcəyini, məlumatların keyfiyyətini necə artıracağını və effektiv şəkildə necə idarə olunacağını bilməlidirlər. Sadalanan faktorları yüksək keyfiyyəti ilə təmin edə bilən şirkət və ya ölkə rəqabətdə əhəmiyyətli bir üstünlüyə və bu sahədə uzunmüddətli uğura nail olacaqdır.
Maliyyə bazarlarında “Hedc fondu” və aktivlərin menecerləri bazar likvidliyinə əsaslanaraq riskin qiymətləndirilməsi üçün data analitikası proqnozlaşdırma imkanlarından istifadə edirlər. İş axını prosesi daha çox avtomatlaşdıqca, maliyyə mütəxəssislərinin strategiya, portfel seçimi və investisiya tezislərinin formalaşdırılması daxil olmaqlaəksər addımları inkişaf etdirilmiş zəka rejimi əsasında qərarların qəbul edilməsi prosesi ilə rəqamsallaşacaq.
Rəqəmsal iqtisadiyyatın inkişaf etməkdə olan ölkələr üçün faydaları olduqca böyükdür. Bunun səbəbi, proseslərin və istehsalın optimallaşdırılmasına, əməliyyat xərclərinin azaldılmasına və təchizat zəncirinin dəyişdirilməsinə təkan verən rəqəmsal məhsul və xidmətləri əldə etməkdə əhəmiyyətli rəqabət qabilliyyətinə və məhsuldarlığı artıran potensial imkanlarının mövcudluğudur.Bütün bunlar firmalara qlobal dəyər zəncirlərində iştirak və xarici bazarlarda müştərilərə yalnız inkişaf etmiş iqtisadiyyata məxsus, iri şirkətlər üçün mümkün olan yollarla birbaşa çıxış imkanı verir. İstehlakçılar üçün üstünlüklər isə daha geniş çeşiddə məhsul və xidmətlərin rəqabət qabiliyyətli qiymətlərlə əldə olunması ilə əlaqələndirilir. Həm də sahibkarlıq fəaliyyəti və yeni iş yerləri açmaq üçün fərqli imkanlar təklif edir. Hökumətlər rəqəmsal iqtisadiyyatdan daha çox və effektiv dövlət xidmətləri göstərməyə, idarəetməni inkişaf etdirməyə, siyasəti qiymətləndirməyə və daha yaxşı nəticələr əldə etməyə kömək edən texnoloji imkanlardan istifadə edə biləcəkləri dərəcədə faydalanırlar (birinci dərəcəli fayda).
Rəqəmsal eraya keçidin ilk mərhələlərində, 151 ölkənin rəqəmsal yetkinliyinə dair “McKinsey” analizində Meksika 55-ci yeri tutur. Adambaşına düşən ÜDM-i eyni olan digər ölkələrlə müqayisədə bu təqdirəlayiq nəticə hesab olunur.2014-cü ildə istifadəyə verilmiş gob.mx saytı Meksika federal hökumətinin əməliyyatlarını rəqəmsallaşdırmaq səylərinin mərkəzində dayanır. Saytda hər bir şəxs öz hesabına daxil olaraq 250 dövlət qurumundan toplanan 34,000 verilənlər bazası və 5.400 dövlət xidmətlərini özündə cəmləşdirən bir pəncərə portalının yaratdığı imkanlardan istifadə edə bilər.McKinsey-nin təhlilinə əsasən Meksikanın "yaxşı" və ya "çox yaxşı" rəqəmsal yetkinlik dərəcəsinə çatacağı halda,2025-ci ilə qədər ölkənin ÜDM-ni 7%-dən 15%-ə qədər (və ya 115 milyard dollardan 240 milyard dollara qədər) artıra biləcəyi gözlənilir. Eyni zamanda, mövcud sektorlarda məşğulluq, yeni rəqəmsal (və ya rəqəmsal olaraq gücləndirilmiş) müəssisələrin yaradılması, informasiya və rabitə texnologiyası (İKT) sektorunun genişlənməsi və uğurlu işçi qüvvəsinin yeni rəqəmsal sənayelərə keçməsi əldə olunacaq nəticələr arasındadır. Qeyd etmək lazımdır ki, insan faktoru məlumatların təhlili və alqoritmlərin gücü qədər vacibdir. Mövcud təcrübələr dəfələrlə sübut etdi ki, "insan + maşın", data analitikası bugünkü dünyada hələ də zəngin data bazaların effektiv tətbiqində ən uyğun yanaşmadır.
Bu bir faktdır ki, hazırki dövrdə suni intellekt mövcud siyasət alətlərinin təkmilləşdirilməsiüçün ən yaxşı üsulları öyrənə bilir. Böyük ressesiya dövründə olduğu kimi yeni böhranla mübarizədə siyasət alətləriniyaratmaq mərkəzi bankın əsas işi olaraq qalır. Amma, bu kimi bəzi məhdudiyyətlərə baxmayaraq, maşın dili və suni intillekt modelləri hələ də mərkəzi bank alətlərində güclü amildir. Ümumiyyətlə ənənəvi proqnozlaşdırma vasitləri ilə müqayisədə daha yaxşı nəticə göstərirlər, çünki çoxlu sayda proqnozçu alətlər vasitəsilədata bazaları emal edərək qeyri-xətti nümunələri aşkarlaya bilərlər. Məsələn, İngiltərə Mərkəzi Bankıartıq ölkənin pul və maliyyə sabitliyini qorumaq hədəflərini dəstəkləmək üçün maşın dilindən istifadə yollarını təkmilləşdirir. Bankın maliyyə sabitliyi hədəfləri ilə bağlı təhlillərinəəsasən son araşdırması iki il əvvəlcədən maliyyə böhranı ehtimalını proqnozlaşdırmaq üçün maşın dili üsullarını tapıb və tətbiq edir. Məlumdur ki, maliyyə böhranları nadir və ekstremal hallardır. Siyasi nümayəndələr maliyyə böhranlarının 80% -ni erkən proqnozlaşdırmağı hədəfləyirlərsə, o zaman müasir ən yaxşı maşın dili modelini istifadə edərək xətti standart modellə müqayisədə xəta payını 40% azalda bilərlər və İngiltərə bu təcrübənin ilkin uğurlu tətbiqinə nail olan öncül ölkələrdəndir.
Bununla birlikdə, xüsusən inkişaf etməkdə olan ölkələrin rəqəmsal iqtisadiyyatın bir çox faydalarından hələ yararlana bilməmələri, tam tətbiq edilməməsi, bir çox lazımi addımların vaxtında atılmaması, rəqamsal dövrə keçid xərcləri və rəqəmsal texnologiyaların çatışmazlığı kimi maneələr ilə bağlıdır. Rəqəmsal xidmətlərə keçid etmək və yaradacağı imkanlardan tam yararlanmaq üçün dövlət bir neçə məqamlara diqqət yetirməlidir. Bura qabiliyyət məhdudiyyətlərini azaltmaq və bacarıqları inkişaf etdirmək; İKT ekosistemlərinə, rəqamsal bağlantıya və infrastruktura investisiya; İKT-nin tətbiqi və yayılması üçün müqavilələr bağlamaq, bazara giriş imkanları formalaşdırmaq, rəqabəti və əlverişli bazar şərtlərini təşviq edən tənzimləyici normativləri tətbiq etmək; bu sahəyə investisiya və innovasiyanı artırmaq üçün siyasəsi addımlar atmaq aid olunur.
Bu sahədə yetəri işçi qüvvəsinin az olması sadalanan əsas çatışmazlıqlardan biridir. Belə ki, müəssisələrin böyük əksəriyyəti yalnız rəqəmsal məhsulların istifadəçiləri olsa da, bu texnologiyaların inkişaf etdiriciləri, distribyutorları və menecerləri kateqoriyasında şirkətlərin daha az payı var.2020-ci ilə qədər IBM, ABŞ-da datamütəxəssisləri üçün vakansiyaların sayının 2.7 milyona qədər artacağını gözləyir. Rəqəmsal texnologiyalar platformasının inkişaf etdiriciləri və menecerləri kimi fəaliyyət göstərən şirkətlərin üstünlük təşkil etdiyi ölkələrdə rəqəmsal iqtisadiyyatın uzunmüddətli inkişaf perspektivlərinin formalaşdırılması, yeni iş yerləri və gəlir mənbələrinin yaradılması, məhsuldarlıq və rəqabət qabiliyyətlilik baxımından bütün müsbət imkanlardan yararlana bilirlər (ikinci dərəcəli fayda).
Nəticədə, qlobal səviyyədə rəqəmsal iqtisadiyyatı istifadə edənlər ilə rəqəmsal texnologiyaları inkişaf etdirən, yayan, idarə edən və standartlar təyin edənlər arasında artan bir fərqin şahidi oluruq. Birinci qrup əsasən inkişaf etməkdə olan və inkişaf etmiş, hətta bəzi yüksək gəlirli ölkələrdən, ikincisi isə əsasən Almaniya, Yaponiya, İsveç, ABŞ və Çin kimi inkişaf etmiş ölkələrdən ibarətdir. Birinci qrupa daxil olan ölkələr adətən rəqamsal iqtisadiyyatın yaratdığı və yuxarıda qeyd olunan birinci dərəcəli faydalarından, digər qrupa daxil olan ölkələr isə ikinci dərəcəli faydalarından yararlanırlar. Məzmunundan da göründüyü kimi, ikinci dərəcəli fayda ölkələrə həmin sahədə üzünmüddətli liderlik imkanı verməklə, onların rəqəmsal məhsulların əsas istehsalçısı olan şirkətləri özlərində cəmləməsi ilə nəticələnir.
"Azərbaycan Rəqəmsal Mərkəz" layihəsi
"AzerTelecom" 2018-ci ildən etibarən Azərbaycanı Qafqaz, MDB, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və qonşu regionlar üzrə Rəqəmsal Mərkəzə çevirmək məqsədi ilə "Azərbaycan Rəqəmsal Mərkəzi" proqramını həyata keçirməyə başlayıb. Üç mərhələli proqram, mərkəzləşdirilmiş sistemin formalaşdırılmasını hədəfləyir: ölkədə geniş regional data mərkəzi yaradaraq və nəticədə rəqəmsal ekosistem inkişaf etdirməklə Bakını İnternet Mübadilə nöqtəsinə (IXP) çevirmək. Hazırda ölkənin sərhədləri daxili və xaricində infrastrukturun formalaşdırılması işləri gedir. Ölkə xaricindəki infrastruktur işləri dedikdə, Xəzər dənizinin altı ilə Azərbaycan və Orta Asiya ölkələri arasında yüksək data ötürmə qabiliyyəti olacaq fiber-optik kabellərin çəkilməsi nəzərdə tutulur. Azərbaycan - Qazaxıstan və Azərbaycan - Türkmənistan marşrutlarından ibarət olan layihə Azərbaycan vasitəsilə Avropa ilə Asiya arasında Rəqəmsal Telekommunikasiya Dəhlizi (Rəqəmsal İpək Yolu) yaradacaqdır."Rəqəmsal Mərkəz" proqramının həyata keçirilməsi ilə Azərbaycan təkcə Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün regional kiber xidmətlər mərkəzinə çevriləcəkdir. London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi mərkəzlərlə bərabər yeni bir IXP olaraq, Bakı 1.8 milyard insana müxtəlif rəqəmsal xidmətlərə çıxış imkanı verəcək. Bütün mövcud məlumatların tam istifadəsi və mümkün qədər dəqiq analiz olunması üçün düzgün vasitələrdən və texnologiyalardan istifadə etmək çox vacibdir.İndi məlumatların keyfiyyəti və "məqbul" datanın əlçatanlığının qlobal səviyyədə önəmli olduğu bir zamanda, istifadəyə veriləcək "Rəqəmsal Mərkəz" proqramının çərçivəsində həyata keçiriləcək proyektlər dünya ölkələri ilə bərabər ölkəmiz üçün də bir çox əhəmiyyətli faydaları olacaq. Belə ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına, beynəlxalq İKT şirkətlərinin ölkəyə cəlb edilməsinə böyük tövhə verəcək. Bundan başqa, davamlı rəqəmsal fondun yaradılması milli iqtisadiyyatın müxtəlif sahələrində ən son texnoloji yeniliklərin tətbiqinə imkan yaradacaq və qlobal investisiya axınlarını ölkəyə istiqamətləndirməyə kömək edən müxtəlif beynəlxalq biznes/İT/iqtisadi inkişaf reytinqlərindəki mövqeyini möhkəmləndirməyə imkan verəcəkdir.
Nəticə
Bu gün mövcud olan data məlumatların təhlili bizə istənilən sahədə təhlükəsizliyi maksimum təmin etməyimiz və gələcəkdə bir cəmiyyət olaraq daha yaxşı fəaliyyət göstərməyimiz istiqamətində yeni bir yanaşmanı verə bilər. Hamımız sürətli dəyişikliklərlə mübarizə apardığımızdan, ən son və ən etibarlı məlumatları daha az məsrəflə, sürətli və çevik şəkildə analiz etmək bacarığımızıngündəlik həyat və iş tərzimiz üçün daha da kritik rol oynamağa başladığını görürük. Data və analitika artıq bir çox iqtisadi, sosial, tibbi, siyasi və digər sahələri sarsıdır. Beləliklə,data analitikası kritik sayda daha böyük kütləyə çatdıqda təsiriolduqca böyük olacaq. Dərin öyrənmə təkmilləşdirildikcə maşınlara düşünmək, problem həll etmək və dili başa düşmək üçün misli görünməmiş imkanlar bəxş edilməklə daha böyük dəyişiklik dalğasının qlobal miqyasda gələcəyi bir faktdır. Bu imkanlardan səmərəli istifadə edə bilən şirkət və ya ölkələr əhəmiyyətli dəyər yarada və intensiv rəqabətli mühitdə fərqlənə biləcəklər, digərləri isə getdikcə daha da artan bir dezavantajla qarşılacaqları gözlənilir.
Müəllif: Nərmin Kazımlı