BİZNES

04 Avqust

İkinci «Made in Uzbekistan» biznes forumu keçiriləcək-İŞTİRAK SƏRBƏSTDİR

 25-27 avqust tarixlərində ikinci «Made in Uzbekistan» biznes forumu baş tutacaq. 
Fins.az xəbər verir ki, bu dəfə forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək.
Məlumata görə, hazırda Özbəkistan ixrac üçün iri həcmdə pambıq lifi, iplik və hazır məhsullar təklif edir. Bu səbəbdən Azərbaycan alıcıları və tekstil məhsulları istehlakçıları üçün «Made in Uzbekistan» onlayn biznes forumu qısa müddət ərzində tərəfdaş tapmaq, Özbəkistanda parça istehsalçıları ilə işgüzar əlaqə yaratmaq üçün əla fürsət olacaq.
Qeyd olunur ki, igüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə və növdə parça boyama xidmətləri və digər məhsul və xidmətlərlə məşğul olan 27 şirkət iştirak edəcək. 
Artıq qeydiyyatdan keçmiş Özbəkistan şirkətləri arasında "Urganch Baxmal" MMC, “Allıance Textıle”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textıle Fashıon” MMC, “Imron Textıle Group” və s. kimi şirkətləri qeyd etmək olar. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış ola bilərsiniz: //b2b-uz-textile.ceo.az/welcome-az 
Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, geyim müəssisələrinin mütəxəssisləri, atelyelər, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunur.

Müəllif:Aynur Qəniyeva