Müvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı maraq doğuran suallardan biri də bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən, XVIII fəslin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində isə göstərilir ki, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:
avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
turoperator və turagent fəaliyyəti;
sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
ictimai iaşə fəaliyyəti;
sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
Misal: Mikro sahibkarlıq subyekti olmayan və tədris kursları fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərcümə xidmətini də həyata keçirir. Bu halda, Vergi Məcəlləsində nəzərdə tutulan əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyində vergi üzrə güzəştlər vergi ödəyicisinin yalnız kursla bağlı fəaliyyətinə şamil olunacaq. Tərcümə xidməti üzrə vergi öhdəlikləri isə güzəşt tətbiq olunmadan, yəni ümumi qaydada yerinə yetiriləcək. Bu səbəbdən də vergi ödəyicisi hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır.