Bu gün Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Təsadüfi deyil ki, bu göstərici BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində əksini tapdı. Faktiki olaraq ölkəmizin indeksi “davamlı inkişaf indeksi” ilə göstərilir.
Bunu iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasını şərh edərkən deyib. Ekspert bildirib ki, BMT-nin “Davamlı inkişaf hesabatı” dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir:
“Nəzərə alaq ki, bu hesabat hazırlanan zaman fərqli indiqatorlardan istifadə olunur. Belə ki, həm iqtisadi, həm də sosial sahədə aparılan islahatların nəticəsi kimi makro və mikro iqtisadiyyatda baş verən dəyişikliklər həmin hesabatda əksini tapır. Sevindirici haldır ki, Azərbayan BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qiymətləndirilib. Şübhəsiz, bu göstərici ilə Azərbaycan regionun lider ölkəsidir. Faktiki olaraq biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda Azərbaycanın göstəricisi öz regionundan əlavə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən də yüksəkdir”.
V.Bayramovun sözlərinə görə, davamlı inkişaf indeksi üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsində baş verib:
“Həyata keçirilən islahatlar həm iqtisadiyyatın inkişafında dayanıqlığın təmin edilməsinə imkan yaradır, həm də sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. 2019-cu ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehiban xanım Əliyevanın təşəbbüsü, eləcə də rəhbərliyi ilə iki sosial paket tətbiq olundu, bu paketlər minimum əmək haqqı məbləğlərinin təxminən iki dəfəyə yaxın artımı ilə nəticələndi. Görülən işlərin nəticəsi isə bu gün BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində öz əksini tapdı”